İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu barəsində növbəti məhkəmə qərarı verilib. O, Tuzlanın sabiq icra başçısı Şadi Yazıcının ünvanına təhqiramiz ifadələr işlətməkdə günahlandırılıb. Məhkəmənin yekun hökmünə əsasən, İmamoğlu 2 il 1 ay müddətinə azadlıqdan məhrum olunub.
Manset.az türk mediasına istinadən xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.
Məhkəmə prosesində rəyini açıqlayan prokuror İmamoğlunun irəli sürülən ittiham üzrə 3 ay 15 gündən 2 il 4 aya qədər azadlıqdan məhrum edilməsini tələb edib. Tərəflərin və vəkillərin çıxışlarından sonra hakim yekun qərarı elan edib.
Bu hökm apellyasiya instansiyasında ləğv olunmazsa, İmamoğlu haqqındakı "siyasi qadağa" qərarı rəsmən qüvvəyə minəcək və İstanbul Böyükşəhər Bələdiyyə sədri vəzifəsinə məclis üzvləri arasında yeni seçki keçiriləcək.