ABŞ Prezidenti Donald Trampın süni intellektlə bağlı son açıqlaması texnologiya və xammal uğrunda mübarizəni yenidən gündəmə gətirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Vaşinqton kritik faydalı qazıntılardan çiplərə və məlumat mərkəzlərinə qədər yeni istehsal zənciri formalaşdırarkən, mübarizənin mərkəzində Çinlə getdikcə genişlənən qlobal süni intellekt rəqabəti dayanır. Ortaya çıxan milyardlarla dollarlıq gəlir gözləntisi isə bu mübarizənin yalnız texnoloji deyil, eyni zamanda nəhəng iqtisadi güc savaşı olduğunu göstərir.
Tramp, xüsusilə, Anthropic şirkətinin baş icraçı direktoru Dario Amodei də daxil olmaqla, süni intellekt sahəsinin aparıcı nümayəndələrinin inkişaf tempinin azaldılması və daha ciddi təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı çağırışlarını rədd edib. O, süni intellekti və məlumat mərkəzlərini qarşıdakı 20-25 ilin iqtisadi gücünün əsas dayaqları kimi qiymətləndirir.
Lakin Trampın açıqlamasının arxasındakı mənzərəyə nəzər saldıqda, müzakirələrin yalnız “süni intellekt təhlükəlidirmi?” sualından ibarət olmadığı görünür.
Analitiklərin fikrincə, Vaşinqtonun məqsədi artıq yalnız dünyanın ən güclü süni intellekt modelini hazırlamaq deyil. ABŞ həmin modeli işlədəcək fiziki infrastrukturun da digər ölkələrdən asılı olmamasına çalışır.