ABŞ-nin Los-Anceles şəhərində keçirilən süni intellekt və innovasiya sammitində ("All-In Summit 2026") spiker kimi çıxış edən İlon Mask süni intellekt texnologiyalarının sürətli inkişafı ilə bağlı artan narahatlıqları qiymətləndirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Maskdan süni intellekt sektorunda son dövrdə səsləndirilən risklərə istinadən "Hamımız 10 il ərzində öləcəyik?" deyə soruşulub.
Süni intellektdən qaynaqlanan təhlükələrin ciddi həddə çatdığı barədə xəbərdarlıq edən Mask ona ünvanlanan sualı istehzalı şəkildə cavablandıraraq: "Sizi məyus etmək istəməzdim, amma bir gün onsuz da hamımız öləcəyik", — deyə bildirib.
Mask təhlükəsizlik sahəsində daha çox tədbir görülməyəcəyi təqdirdə süni intellekt modellərinin inkişafı ilə paralel olaraq risklərin də tədricən artacağını vurğulayıb.
Süni intellektin bəşəriyyət üçün necə bir təhdid yarada biləcəyi soruşulduqda isə Mask "Hərbi sistemlərin idarəetməsini ələ keçirib, məsələn, nüvə silahının buraxılması əmrini verməsi pis olardı", — deyə qiymətləndirmə aparıb.