Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın marşrut avtobusuna pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində 5 dinc sakinin həlak olduğunu, 7 nəfərin isə yaralandığını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna dövlət başçısı sosial şəbəkə hesabında etdiyi paylaşımlarda Rusiyanın mülki nəqliyyata və kritik loqistika infrastrukturuna qarşı zərbələrini fasiləsiz davam etdirdiyini diqqətə çatdırıb. O, Rusiya ordusunun Nikopol şəhəri yaxınlığında şəhərlərarası sərnişin avtobusunu PUA ilə hədəf aldığını, ilkin məlumatlara görə qətliam nəticəsində 5 nəfərin həyatını itirdiyini, 7 nəfərin isə xəsarət aldığını bəyan edib.
Mikolayev vilayətində sərnişin qatarının dizel lokomotivinin və dəmir yolu vağzalının birbaşa vurulduğunu qeyd edən Zelenski, xilasetmə briqadalarının vaxtında müdaxiləsi sayəsində tələfat olmadan 170-ə yaxın sərnişinin təxliyə edildiyini vurğulayıb. Zelenski, həmçinin Kovel şəhərində də elektrik lokomotivinin hədəfə alındığını bildirib.