İranın ABŞ-ın dəniz blokadasını aradan qaldırması və diplomatik danışıqlara qayıtması halında Hörmüz boğazını 7 gün ərzində yenidən açmağa hazır olduğunu Vaşinqtona bildirdiyi iddia olunur.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran hökumətinin nümayəndələrindən biri Hörmüz boğazının açılması ilə bağlı təklifin vasitəçilər vasitəsilə ABŞ-yə çatdırıldığını bildirib.
ABŞ Prezidenti Donald Trampın İran Prezidenti Məsud Pezeşkianla Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində görüşmək istəyinə toxunan iranlı rəsmi Tramp ilə hər hansı görüş ehtimalının olmadığını, lakin iki ölkə arasında razılaşma əldə edilməsinin mümkün olduğunu deyib.
“Razılaşmaya doğru irəliləyiş əldə etmək ehtimalı var”, – deyən rəsmi diplomatik prosesin irəliləməsi üçün Vaşinqtonun “ciddilik və qətiyyət” nümayiş etdirməli olduğunu vurğulayıb.
İranlı rəsminin sözlərinə görə, Tehran Vaşinqtonun danışıqlara qayıtmasını və İrana tətbiq etdiyi dəniz blokadasına son qoymasını gözləyir. Bu addımlar atılacağı təqdirdə İran strateji əhəmiyyət daşıyan Hörmüz boğazını 7 gün ərzində yenidən açmağa və danışıqlar masasına qayıtmağa hazırdır.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi sentyabrın 19-da verdiyi açıqlamada Tehranın müharibəyə son qoyulmasına imkan verəcək danışıqlara yenidən başlamaq üçün Vaşinqtona 7 şərt irəli sürdüyünü bildirmişdi.
Rzayi həmin vaxt demişdi: “Müharibənin başa çatması üçün İranın şərtlərini qəbul etmək ABŞ-ın maraqlarına uyğundur. Biz müharibəyə tam hazırıq”.