Almaniyanın Bremerhaven limanında güclü fırtına şəraitində Kanar adalarına yola düşməyə çalışan sərnişin gəmisi körpüdə gözləyən konteyner gəmisinə çırpılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 2 428 sərnişin və 922 ekipaj üzvü ciddi təhlükə ilə üzləşib.
Almaniya ötən gecə böyük fəlakətin astanasından dönüb. Bremen Polis İdarəsinin yaydığı məlumata görə, qəza “Mein Schiff 3” adlı kruiz gəmisinin 2 428 sərnişin və 922 ekipaj üzvü ilə Kanar adalarına getmək üçün Bremerhaven limanından ayrıldığı zaman baş verib.
Bremerhaven limanının Kolumbus körpüsündən yedək gəmilərinin müşayiəti ilə hərəkətə başlayan “Mein Schiff 3” güclü fırtınanın təsiri ilə körpüdə gözləyən “MSC Victorine” adlı konteyner gəmisinə çırpılıb.
Kruiz gəmisindəki sərnişinlərdən birinin mobil telefonla lentə aldığı görüntülərdə iki gəminin toqquşma anları əks olunub.