Fransada qan saxlama məntəqələrində istifadə olunan soyutma sistemlərinə kiberhücum edildiyi bildirilir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, noyabrın 1-dən 2-nə keçən gecə Fransanın Burqundiya-Franş-Konte bölgəsində yerləşən Fransa Qan Xidmətinin (EFS) saxlama məntəqələrindəki soyutma sisteminə kiberhücum təşkil olunub. Hakerlər qan nümunələrinin saxlanıldığı müxtəlif məntəqələrdə temperatur göstəricilərini mənfi 30 dərəcədən 110 dərəcəyədək yüksəldiblər.
Texniki işçilərdən biri temperaturun qeyri-adi dərəcədə artdığını vaxtında aşkar edib.
Fransa Səhiyyə Nazirliyi bildirib ki, vəziyyətin vaxtında müəyyənləşdirilməsi sayəsində hadisə xidmətin fəaliyyətinə hər hansı təsir göstərməyib. Kiberhücumun arxasında kimin dayandığı isə hələlik məlum deyil.
Fransa Qan Xidmətinin rəhbəri Frederik Paku açıqlamasında bildirib:
“Məhsulların təhlükəsizliyi pozulmayıb. Lakin xəstələrin müalicəsində istifadə olunacaq nümunələri və ya plazma torbalarını itirə bilərdik”.