Fransanın şimalındakı Kale-Fretün dəmir yolu stansiyasında bomba təhlükəsi ilə əlaqədar Londona hərəkət edən “Eurostar” sürətli qatarlarının reyslərində fasilələr yaranıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin şimalında yerləşən Pa-de-Kale prefekturası ABŞ-nin “X” sosial şəbəkəsindəki rəsmi hesabı vasitəsilə Kale-Fretün dəmir yolu stansiyasında bomba həyəcanı elan edildiyini bildirib.
Prefektura hadisə yerində vəziyyətin araşdırıldığını qeyd edərək dəmir yolu stansiyasının ətrafında nəqliyyatın hərəkətində yarana biləcək çətinliklərlə bağlı xəbərdarlıq edib.
“Eurostar” sürətli qatar şirkətinin yaydığı açıqlamada isə Fransa rəsmilərinin göstərişi əsasında Kale-Fretün stansiyasından qatarların hərəkətinin dayandırıldığı bildirilib.
Şirkət bu vəziyyətin London istiqamətində həyata keçirilən gediş-gəliş reyslərində müəyyən fasilələrə və gecikmələrə səbəb olduğunu açıqlayıb.