Kino tarixinin ən məşhur məxfi agenti Ceyms Bond obrazını canlandıracaq yeni aktyorun adı açıqlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Betmen” və “Alatoranlıq” filmləri ilə tanınan Robert Pattinson Deniel Kreyqdən sonra 007 rolunu canlandıracaq. İlk dəfə 1953-cü ildə britaniyalı kəşfiyyatçı və yazıçı Yan Fleminqin romanında meydana çıxan obraz 1962-ci ildən bəri altı fərqli aktyorun iştirakı ilə 25 rəsmi filmdə ekranlaşdırılıb. Qadınlara münasibəti, Soyuq müharibə təbliğatındakı rolu və aktyor seçimləri səbəbindən Ceyms Bond kino tarixinin ən çox müzakirə olunan obrazlarından birinə çevrilib.
“Amazon MGM Studios” 40 yaşlı britaniyalı aktyor Robert Pattinsonun yeni Ceyms Bond olduğunu rəsmən açıqlayıb. Deniel Kreyqin 2021-ci ildə obrazla vidalaşmasından sonra beş ildir yeni 007 axtarışları davam edirdi. Obrazı bu dəfə “Dune” filmlərinin rejissoru Denis Vilnöv böyük ekrana gətirəcək. Filmin ssenarisini isə Stiven Nayt yazacaq.
Ceyms Bond roluna namizədlər arasında Cek Laudon, Kallum Törner və Coş O'Konnor da olub. Yeni filmin 2028-ci ildə tamaşaçılara təqdim edilməsi gözlənilir.
Ceyms Bond obrazı İkinci Dünya müharibəsi illərində Britaniya Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat xidmətində çalışmış yazıçı Yan Fleminqin 1953-cü ildə qələmə aldığı “Casino Royale” romanında yaradılıb.
Fleminq məxfi əməliyyatlarla bağlı təcrübəsindən yararlanaraq Britaniya kəşfiyyat xidməti MI6 adından fəaliyyət göstərən və öldürmək səlahiyyətinə malik 007 kod adlı agent obrazını yaradıb. Yazıçı qəhrəmanına amerikalı ornitoloq Ceyms Bondun adını verib.
Soyuq müharibə dövrünün casusluq dünyasını əks etdirən romanlar Britaniya imperiyasının keçmişini, dəbdəbəli həyat tərzini və qadınlara qarşı ayrı-seçkilik yaradan yanaşmanı əks etdirdiyinə görə də tənqidlərə məruz qalıb.