Bakıda partlayış olan mebel sexindəki YANĞIN SÖNDÜRÜLDÜ - YENİLƏNDİ (VİDEO+FOTO)

15:52 - 15 Yanvar 2024

Bakıda partlayış olan mebel sexindəki YANĞIN SÖNDÜRÜLDÜ - YENİLƏNDİ (VİDEO+FOTO)

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

 

Bu barədə Manset.az-a FHN-in mətbuat xidmətindən bildirilib.

Əlavə məlumat veriləcək.

14:55

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş yanğın-partlayış hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Manset.az xəbər verir ki, xilasedicilər tərəfindən dağıntı altından üç nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib, sexdə olan və yaxınlıqdakı vətəndaşların təxliyəsi həyata keçirilib.

Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş itləri cəlb olunmaqla axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

14:31

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin itləri cəlb olunub.

Manset.az xəbər verir ki, əraziyə gətirilən xüsusi təlim görmüş itlərin sayı üçdür.

14:16

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın məhdudlaşdırılıb.

Bu barədə FHN-dən Manset.az-a məlumat verilib.

Bildirilir, hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

13:43

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında mebel sexində baş verən partlayışdan sonra məhdudlaşdırılmasına çalışılan yanğın yenidən güclənib.

Manset.az xəbər verir ki, bu barədə Oxu.Az-ın hadisə yerində olan müxbiri məlumat verir. 

13:23

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında mebel sexində baş verən yanğınla mübarizə davam edir.

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, hazırda partlayışlar davam edir. Partlayışların səbəbi müəyyənləşdirilməyib.

 

13:17

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları hadisə yerindədirlər.

Manset.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Qeyd olunur ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

13:11

Bakıda sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb.

Manset.az APA-ya istinadən xəbər verir ki, xeyli sayda xəsarət alan var.

13:04

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-dən Manset.az-a verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

12:39

Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Manset.az-a bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.

Baku TV ərazidə baş verənləri canlı yayımla çatdırır:

12:24

Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb ediliblər.

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri aparılır. 

Qurumun yaydığı videoda xəsarət alan bir nəfərin ərazidən kənarlaşdırıldığı görünür.

12:12

Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində yanğın başlayıb.

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilkin məlumata görə, sexdə partlayış olub. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunublar.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az