Türkiyənin “Qalatasaray” klubu yeni mövsümə hazırlıqlar çərçivəsində heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir. “Sarı-qırmızılar”ın əsas hədəflərindən biri hücumçu Viktor Osimhenin transferini reallaşdırmaqdır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 30 iyun tarixindən etibarən Osimhenin “Qalatasaray”la olan icarə müqaviləsi başa çatıb və nigeriyalı futbolçu “Napoli”yə qayıdıb. Lakin məlumata görə, Osimhen İtaliya təmsilçisinin formasını yenidən geyinmək istəmir. Əgər yaxın günlərdə yeni klubla razılığa gəlməzsə, o, məcburi şəkildə “Napoli”nin mövsümöncəsi hazırlıq düşərgəsinə qoşulacaq.
Transfer dövrünə Leroy Saneni heyətinə cəlb etməklə başlayan İstanbul təmsilçisi hazırda bütün diqqətini Osimhenin gələcək taleyinə və yeni qapıçı transferinə yönəldib. “Qalatasaray” ulduz hücumçunun transfer hüququnu almaq üçün şənbə gününə qədər cavab gözləyir. Klub Osimhenin transferinə dair müsbət fikirlər səsləndirib və danışıqlarda nikbin mövqe nümayiş etdirir.
Bu arada, Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu Osimhen üçün “Napoli”yə 75 milyon avro təklif etməyə hazırdır. “Qalatasaray” isə nigeriyalı hücumçu ilə razılıq əldə etdiyi təqdirdə, “Napoli” ilə danışıqlara başlayaraq transfer məbləğini azaltmağa çalışacaq.