Noyabrın 25-də Kəlbəcərdə keçirilən ilk Şəhər Günü çərçivəsində geniş konsert proqramı təşkil olunub.
Manset.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, eləcə də doğma yurda qayıtmış şəhər sakinləri və bayram münasibətilə Kəlbəcərə gəlmiş qonaqlar iştirak ediblər.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir iştirakçıları Kəlbəcərin yenidən qurulmasını və sakinlərin doğma yurdlarına qayıdışını əks etdirən videoçarxı izləyiblər.
Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev çıxış edərək Şəhər Günü ilə bağlı təbriklərini çatdırıb, dövlətimiz tərəfindən Kəlbəcərin dirçəlişi istiqamətində görülən işlərdən danışıb.
Sonra şəhərin mərkəzində qurulmuş səhnə incəsənət nümayəndələrinin ixtiyarına verilib.
Bayram konserti Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında V.Adıgözəlovun “Mənim Azərbaycanım” süitası ilə başlanıb.
Konsertdə Xalq artisti Mələkxanım Eyyubova R.Məmmədovun “Yaşa, Azərbaycan”, Əməkdar artistlər – xanəndə Babək Niftəliyev Y.Almazın “Prezidentim”, tarzən Şəhriyar İmanov “Zəfər” kompozisiyası, solistlər Malik Həsənov F.Cəlilabadlının “Kəlbəcər”, Mehdi Niftəliyev E.İbrahimovanın “Ey Vətən” mahnılarını ifa ediblər.
Musiqisevərlər “Qaya” Dövlət Ansamblının ifasında V.Adıgözəlovun “Mən gəzirəm hər yanı” mahnılarını dinləyiblər.
Konsertdə aşıq sənətinə də geniş yer verilib. Tanınmış aşıqlardan Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı “Ruhani”, Əfqan Kəlbəcərli “Gödək donlu”, Qənbər Kəlbəcərli “Cəlili”, Gözəl Kəlbəcərli “Gözəldir”, İbadət Ərəş “Qəhrəmanı”, Qalib Kəlbəcərli “Göyçəgülü” və Əhliman Kəlbəcərli “Kərəm gözəlləməsi” saz havaları ilə tamaşaçıların könlünü oxşayıblar.
Azərbaycan Dövlət Rəqs Ansamblı daha sonra E.Sabitoğlunun “Ağ çiçəyim” rəqsini və “Ağbaba” yallısını ifa edib.
Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi Habil Məmmədov və şagirdləri isə “Dəşti” təsnifini ifa ediblər.
Bütün ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq təqdim olunub.