Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev REAL televiziyasının “Yazı taxtası” verilişində səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Manset.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində , Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışdığı illərdə ölkə mədəniyyətinə hər zaman uğurlu töhfələri ilə seçilən , rəhbərlik etdiyi kollektivlərdə hər kəsin sevgisini qazanan Əliqismət Lalayev bildirib ki, kinli insan olmasa da, bəzi məqamları unutmur: “Mən kinli deyiləm. Amma bəzi şeylər var ki, heç vaxt yadımdan çıxmır. Unutmamaq hələ kinli olmaq demək deyil. Məncə, kinli insan qisas alan, qarşı tərəfə zərər vura bilən adamdır. Məndə bu yoxdur. Amma mənə qarşı olan pisliyi heç vaxt unutmaram”.
Əliqismət Lalayev aparıcının “ Heç vaxt nəyi bağışlaya bilməzsiniz ?” sualını isə belə cavablandırıb : “Yalanı heç vaxt bağışlaya bilmirəm . İnsanı yalan danışmağa heç kəs məcbur edə bilməz . Bir insanın yalan danışdığını görəndə o, mənim gözümdən düşür. Düşünürəm ki o şəxsə heç salam verməyə dəyməzmiş . Xüsusən də cəmiyyətdə müəyyən mövqeyi, nüfuzu olan vəzifə sahibi . Axı səni yalan danışmağa heç kim məcbur etmir. Heç tərəfdaşın da səndən yalan danışmagı tələb etmir . Bəs sən niyə yalan danışırsan ? Əgər insanın canında bu xüsusiyyət yoxdursa, onu heç kim yalan danışmağa vadar edə bilməz. Məni heç kim yalan danışmağa sövq edə bilməz”.
Qeyd edək ki, ömrünün 50 ildən çoxunu teatr sənətinə həsr edən tanınmış rejissor-pedaqoq və teatr təşkilatçısı veriliş zamanı “indi insanlar həyatda səhnədəkindən daha gözəl rol oynayırlar” fikrini də səsləndirib.