Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması dövlətin əsas prioritetlərindən biridir. Konstitusiya və digər qanunvericilik aktları vətəndaşların əsas hüquqlarını təmin edir. Ölkədə söz, vicdan, vətəndaş cəmiyyəti və sərbəst toplaşma azadlıqları hüquqi çərçivədə təmin olunur. Hökumət bir sıra beynəlxalq insan hüquqları konvensiyalarına qoşularaq bu sahədə öhdəliklər götürüb. Hüquq-mühafizə orqanlarının fəaliyyəti üzərində ictimai nəzarət formalaşmağa başlayıb. Əlavə olaraq, qeyri-hökumət təşkilatları insan hüquqlarının təşviqində aktiv iştirak edirlər. Uşaqlar, qadınlar və əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına dair xüsusi proqramlar mövcuddur. Sosial rifah və ədalətli məhkəmə sistemi bu hüquqların gerçəkləşməsi üçün əsas sütunlardandır. Lakin bəzi hallarda hüquqların pozulması halları qeydə alınır və bu sahədə islahatlara ehtiyac qalır. Hüquq mədəniyyətinin gücləndirilməsi uzunmüddətli tərəqqinin əsas şərtlərindən biridir. Bununla bağlı ölkəmizdə mühüm addımlar atılır.
Mövzu ilə bağlı Manset.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilib:
"Müstəqillik illərindən bəri həyata keçirilən hüquqi islahatlar və qəbul edilən mühüm qərarlar nəticəsində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində ciddi irəliləyişlər əldə olunub. Dövlətimizin bu sahədəki siyasəti ardıcıl, məqsədyönlü və sistemli şəkildə həyata keçirilir ki, bu da onun prioritet xarakter daşıdığını bir daha təsdiqləyir.
Azərbaycanda insan hüquqlarının təminatı üçün güclü və hərtərəfli qanunvericilik bazası formalaşdırılıb. Konstitusiya və digər normativ hüquqi aktlar vətəndaşların əsas hüquq və azadlıqlarını tam şəkildə tanıyır və qoruyur. Qanunvericilik sistemində insan hüquqlarına dair beynəlxalq normalar da nəzərə alınaraq, milli hüquq sistemi daim təkmilləşdirilir. Bu baxımdan Azərbaycan, bir sıra beynəlxalq konvensiyaların iştirakçısı olaraq, öz üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirir".
Deputat qeyd edib ki, müasir dövrdə dövlətimizin insan hüquq və azadlıqlarının qorunması istiqamətində atdığı addımlar təkcə qanunvericilik sahəsi ilə məhdudlaşmır:
"Praktiki fəaliyyət də bu sahədə mühüm rol oynayır. Cənab Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, qəbul olunan dövlət proqramları və sosial təşəbbüslər insan hüquqlarının daha səmərəli şəkildə müdafiəsinə yönəlib. Bu sənədlər, yalnız formal xarakter daşımır, real və effektiv icra mexanizmləri ilə müşayiət olunur. Bütün bunlar insan hüquqlarının qorunmasına dövlət səviyyəsində göstərilən yüksək diqqətin göstəricisidir.
Bu sahədə görülən işlər və həyata keçirilən tədbirlər ölkədə hüquqi dövlət quruculuğunun tərkib hissəsidir. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqların müdafiəsi Azərbaycanda təkcə dövlət orqanlarının deyil, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələrinin də gündəlik fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu, vətəndaş cəmiyyətinin inkişafı və hüquqi maarifləndirmə baxımından da mühüm əhəmiyyət kəsb edir.
Qeyd edilməlidir ki, bu məsələnin daim diqqətdə saxlanılması üçün dövlət səviyyəsində ardıcıl və davamlı səylər göstərilir. İstər qanunvericilik təşəbbüsləri, istərsə də icraedici orqanların fəaliyyəti bu sahədə dövlətin məsuliyyətli və prinsipial mövqeyindən xəbər verir. Görülən işlər nəticəsində bu gün Azərbaycan insan hüquqları sahəsində öz sözünü deyə bilən, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan bir dövlətə çevrilmişdir.
Bütün bunlar onu göstərir ki, insan hüquq və azadlıqlarının qorunması Azərbaycanda təsadüfi deyil, dövlət siyasətinin əsas və dəyişməz istiqamətidir. Bu sahədə aparılan islahatlar, göstərilən diqqət və həyata keçirilən tədbirlər ölkəmizin bu mövzuda nə qədər irəlidə olduğunu aydın şəkildə nümayiş etdirir. Beləliklə, bu gün Azərbaycan həm regionda, həm də beynəlxalq müstəvidə hüquqi dövlət quruculuğu və insan hüquqlarının təminatı baxımından nümunə göstərilən ölkələrdən biri kimi çıxış edir".
Seyranə Quliyeva
6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.