logo
logo logo
logo

Milli kimlik və vətənpərvərlik - Gənclərin tərbiyəsində yeni yanaşmalar

16:21 - 29 Oktyabr 2026

Milli kimlik və vətənpərvərlik - Gənclərin tərbiyəsində yeni yanaşmalar

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik ruhunda tərbiyəsi müasir dövrün əsas məsələlərindən biridir. Qloballaşma, sosial şəbəkələrin təsiri və informasiya mühitinin sürətlə dəyişməsi gənclərin milli dəyərlərə münasibətində yeni yanaşmaların tətbiqini zəruri edir. Bu baxımdan ailənin, təhsil müəssisələrinin və cəmiyyətin üzərinə mühüm vəzifələr düşür.


Milli Məclisin deputatı Razi Nurullayev Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycan gənclərinin milli kimliyə və vətənpərvərliyə münasibətini qiymətləndirərkən onların fərqli informasiya mühitində formalaşdığını nəzərə almaq lazımdır.


“Düşünürəm ki, Azərbaycan gənclərinin milli mənlik şüuruna və vətənpərvərlik hisslərinə yanaşarkən ilk növbədə bir məqamı nəzərə almalıyıq: bugünkü gənclik tamamilə fərqli informasiya mühitində formalaşır. Onlar internet, sosial şəbəkələr və qlobal mədəniyyətlə iç-içə böyüyürlər. Bu, bir tərəfdən onların dünyagörüşünü genişləndirir, digər tərəfdən milli dəyərlərə münasibətdə yeni çağırışlar yaradır. Ancaq mən bunu gənclərin milli kimlikdən uzaqlaşması kimi qiymətləndirməzdim. Azərbaycan gəncliyinin Vətənə bağlılığını, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi qəhrəmanlığı gördük. Gənclərimiz sübut etdilər ki, milli ruh, torpağa bağlılıq və dövlətçilik düşüncəsi xalqımızın həyatında mühüm yer tutur.

Bununla yanaşı, vətənpərvərliyi yalnız müharibə zamanı göstərilən qəhrəmanlıqla məhdudlaşdırmalı deyilik. Vətənpərvərlik həm də öz dilini qorumaq, tarixini bilmək, milli mədəniyyətinə sahib çıxmaq, qanunlara hörmət etmək, vicdanla işləmək və ölkəsinin inkişafına töhfə verməkdir. Gənclərə bu düşüncəni aşılamaq bizim əsas vəzifələrimizdəndir.

Bağçalarda, məktəblərdə və ali təhsil müəssisələrində bu istiqamətdə müəyyən işlər aparılır. Uşaqlara dövlət rəmzləri, milli bayramlar, tarixi şəxsiyyətlər və qəhrəmanlarımız haqqında məlumat verilir, müxtəlif vətənpərvərlik tədbirləri keçirilir. Lakin burada əsas məsələ tədbirlərin sayı deyil, onların gənclərin düşüncəsinə nə dərəcədə təsir göstərməsidir. Uşağa vətəni sevməyi yalnız şeirlər əzbərlətməklə, tədbirlər keçirməklə öyrətmək mümkün deyil. O, bu sevgini ailədə, müəllimin davranışında, cəmiyyətdə gördüyü münasibətdə və gündəlik həyatda hiss etməlidir”.

Razi Nurullayev hesab edir ki, gənclərdə milli mənlik şüurunun formalaşdırılması üçün tarix tədrisinin daha maraqlı və düşündürücü təşkili, eləcə də təhsil müəssisələrində müstəqil düşüncə və məsuliyyətli vətəndaşlıq mövqeyinin inkişafına şərait yaradılması vacibdir.

“Mən xüsusilə hesab edirəm ki, məktəblərdə tariximizin tədrisi daha canlı və düşündürücü olmalıdır. Gənclərimiz tarixi faktları bilməklə yanaşı, hadisələrin mahiyyətini anlamalı, milli kimliyimizin necə formalaşdığını dərk etməlidirlər. Ali təhsil müəssisələrində isə gənclərin müstəqil düşünməsi, milli maraqları anlaması, müxtəlif ideyalara tənqidi yanaşması və məsuliyyətli vətəndaş kimi formalaşması üçün daha geniş imkanlar yaradılmalıdır.

Ən vacib məsələlərdən biri də gənclərlə formal deyil, səmimi dialoq qurmaqdır. Onların suallarını dinləməli, problemlərinə diqqət yetirməli, fikirlərinə hörmətlə yanaşmalıyıq. Çünki milli mənlik şüuru yalnız hazır fikirləri təkrarlamaqla formalaşmır. İnsan öz tarixini, mədəniyyətini və dövlətini dərindən tanıdıqca, onların dəyərini anlayır və mənsub olduğu xalqla qürur duyur.

Vətənpərvərlik tərbiyəsinin mərkəzində sözlə əməl arasındakı uyğunluq dayanmalıdır. Gənc dövlətə, cəmiyyətə və gələcəyə inamını real həyatda görməlidir. Ədalət, qanunun aliliyi, təhsilin keyfiyyəti, sosial məsuliyyət və bərabər imkanlar da bu inamın formalaşmasında mühüm rol oynayır. Gənclər öz bilik və bacarıqları ilə ölkələrinin gələcəyini qura biləcəklərinə inandıqda, Vətənə bağlılıqları daha da möhkəmlənir.

İnanıram ki, Azərbaycan gəncliyinin böyük potensialı var. Bizim vəzifəmiz bu potensialı düzgün istiqamətləndirmək, milli köklərimizə bağlı, eyni zamanda müasir dünyada rəqabət aparmağı bacaran, azad düşüncəli və məsuliyyətli vətəndaşlar yetişdirməkdir. Çünki milli kimliyini dərindən dərk edən, öz xalqının tarixinə hörmətlə yanaşan və gələcəyinə inanan gənclik dövlətimizin ən mühüm dayaqlarından biridir”, – deyə Razi Nurullayev vurğulayıb.


Fidan Vəlisoy 

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik

hisslərinin tərbiyəsi;

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az