İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən "Böyük Qayıdış" prosesi Azərbaycanın tarixində yeni mərhələnin əsasını qoyur. Uzun illər doğma yurdlarından ayrı düşmüş vətəndaşların öz torpaqlarına qayıtması ilə Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, müasir infrastruktur qurulur, yeni iqtisadi və sosial imkanlar formalaşır. Bu proses təkcə insanların doğma yurdlarına qovuşması deyil, həm də ölkənin gələcək inkişafı, iqtisadi potensialının genişlənməsi və demoqrafik balansın bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Manset.az-a açıqlamasında Böyük Qayıdışın mənəvi, siyasi və iqtisadi əhəmiyyətindən danışıb. Deputat bildirib ki, Böyük Qayıdış hər şeydən əvvəl Azərbaycan tarixinin yeni səhifəsidir. Onun sözlərinə görə, 30 illik işğal dövrünün başa çatması ilə ölkə yeni inkişaf mərhələsinə qədəm qoyub:

“Doğma yurd-yuvalarımıza qayıdırıq, Qarabağda həyat canlanır. Bu proses Azərbaycanın bir neçə istiqamət üzrə gələcək inkişaf perspektivlərini müəyyənləşdirir. Böyük Qayıdış nə qədər mühüm mənəvi, siyasi və emosional hadisədirsə, bir o qədər də iqtisadi, demoqrafik, logistika və nəqliyyat-kommunikasiya hadisəsidir.
Bu gün gözümüzün qarşısında Azərbaycanın 30 illik fasilədən sonra yeni demoqrafik-sosial balansı formalaşır. Artıq yüz minə yaxın vətəndaşımız doğma yurd-yuvalarına qayıdıb və dövlətin onlar üçün yaratdığı yeni imkanlardan istifadə edir. Beləliklə, Qarabağda yeni istehsal və əmək münasibətləri formalaşır. Bu da Azərbaycan iqtisadiyyatının böyüməsinə töhfə verəcək və yeni imkanlar yaradacaq”.
H.Babaoğlu qeyd edib ki, Böyük Qayıdışın mühüm istiqamətlərindən biri də sənayeləşmənin regionlara köçürülməsi və işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsidir. Onun sözlərinə görə, Ağdam, Zəngilan və digər ərazilərdə xüsusi plan əsasında sənaye mərkəzləri yaradılır. Bu zaman bölgələrin təbii-coğrafi xüsusiyyətləri, əmək resursları və ixtisaslaşma imkanları nəzərə alınır:
“Bu həm sənaye parklarında, həm də aqrar sektorda yeni ixtisaslaşma yaradır. Məsələn, Kəlbəcər, Laçın və Zəngəzur ərazilərinin kənd təsərrüfatı məhsullarının istehsalı baxımından potensialı Ağdam, Cəbrayıl və Füzulinin imkanlarından fərqlidir. Bu yanaşma ərzaq təhlükəsizliyimiz baxımından da olduqca əhəmiyyətlidir.
Özünütəminetmə səviyyəsinin yüksəldilməsi, aqrar sənayenin inkişafı və ərzaq təminatında xarici asılılığın azaldılması gələcək üçün vacib istiqamətlərdəndir. Çünki ərzaq təminatında özünə yetərli olmayan dövlətlər qiymətli valyuta hesabına məhsulları xaricdən idxal etməyə məcbur qalırlar”.
Deputat Böyük Qayıdışın məcburi köçkünlərin həyatında yaratdığı müsbət dəyişikliklərlə yanaşı, bütövlükdə Azərbaycan xalqının mənəvi ruhunun yüksəlməsinə də təsir etdiyini vurğulayıb:
“Bu, o qədər böyük sevinc, mühüm mənəvi hadisədir ki, təkcə məcburi köçkünlərin əhval-ruhiyyəsinin yüksəlməsi ilə məhdudlaşmır. Bu, Azərbaycan xalqının mənəvi ruhunu dirçəldir. Böyük Qayıdış həm də tariximizin mənəvi-ruhi dirçəliş mərhələsidir. Məcburi köçkün olan və olmayan, işğala məruz qalmış bölgələrdən olan və olmayan hər bir azərbaycanlı bu gün yeni mənəvi intibah mərhələsini yaşayır. Bu, böyük qürurdur”.
H.Babaoğlu işğaldan azad edilmiş ərazilərdə infrastrukturun müasir standartlara uyğun qurulmasının da xüsusi əhəmiyyət daşıdığını bildirib. O, bu istiqamətdə görülən işlərin vətəndaşların rahat yaşayışının təmin olunmasına xidmət etdiyini deyib:
“İnfrastruktur ən müasir, ən yeni və optimal şərtlərlə qurulur. Ötən günlərin birində Qarabağa səfər edirdim. Yeni tunellərdən istifadə edildikdən sonra Bakıdan Şuşaya məsafə cəmi 350 kilometr olub. Bu yolda yeddi tunel və çoxsaylı viaduklardan istifadə edilib. Bütün bunlar nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi, insanların rahat və təhlükəsiz yaşayışının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə deputat fikirlərini tamamlayıb.
Fidan Vəlisoy
6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi;
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb
