Yeni il bayramı, paytaxt Bakıda restoran sahəsi üçün ən hərəkətli dövrlərdən biridir. Bir çox insan bu bayramı unudulmaz formada keçirmək üçün dostları və ailəsi ilə birlikdə restoranlara üz tutur. Lakin bu il bayramın xüsusilə fərqli olması gözlənilir, çünki restoran qiymətləri də bir neçə faktorun təsiri ilə artıb. Xüsusilə, bayram gecəsi restoranlarda bir nəfər üçün nəzərdə “fiks menyu”ların qiymətləri fantastik həddə çatıb.
Manset.az paytaxt restoranlarında 31 dekabr - Yeni il günü üçün təklif edilən qiymətləri araşdırıb.
Belə ki, paytaxtın tanınmış restoranlarında olan “Mangal Steak House”da Yeni il gecəsi üçün adambaşına düşən qiymət 400 manat təşkil edir. Qiymətə sadəcə qidalanma və canlı musiqi daxildir.
“Oliqarx Baku” restoranında isə qiymətlər adambaşı 150 manatdan başlayaraq 250 manata doğru yüksəlir. Burada qiymət fərqinin masaların səhnəyə yaxınlığına əsasən dəyişdiyi bildirilir.
“Çanaqqala” restoranında adambaşı “fiks menyu” üçün ödəniş müxtəlif zallara görə 80-130 manat arasındadır. Restoranda mövcud olan hər üç zaldakı “fiks menyu”da qidalanma və canlı musiqi qiymətə daxildir. Bu restoranda qiyməti 80 manat olan menyuya alkoqollu içkilər də daxil deyil.
“Tonqal” restoranında isə xüsusilə Yeni il üçün nəzərdə tutulmuş “fiks menyu”lar nəzərdə tutulmayıb. Məhz həmin gün bu restorana müraciət edənlər sifariş etdikləri ümumi hesabdan əlavə 25 faiz xidmət haqqı da ödəməli olacaqlar. Canlı musiqi və ya hər hansı əyləncənin təşkil olunub olunmayacağı isə hələ məlum deyil.
“Baku Castle Hall” restoranında bir nəfər üçün nəzərdə tutulmuş qiymət 140 manat təşkil edir. Qiymətə menyu və şou-proqram daxildir.
“İstanbul Meyhane Baku” restoranında Yeni il gecəsi üçün adambaşı qiymət 200-250 AZN nəzərdə tutulub. Bu restoranda da qiymət fərqi masaların yerləşmə yeri ilə əlaqələndirilir.
Məşhur “Niaqara” restoranında isə qiymətlər 150-200 manat arası dəyişir. Lakin 150 manatlıq yerlərin artıq tükəndiyi bildirilib. Qiymətə menyu və şou-proqram daxildir.
“Xaçapuri Baku” restoranında isə qiymət adambaşı 75 manatdır. Sözügedən “fiks menyu”ya alkoqollu içkilər isə daxil deyil.
“Altun” restoranında da qiymət 200 manatdan başlayaraq 250 manata yüksəlir. Qiymətə hər şey daxildir.
“Neolit” restoranında bir nəfər üçün 300 manat ödəniş nəzərdə tutulub. Qonaq sayı çox olduqda isə xüsusi “endirim”in mümkün olduğu bildirilir.
Fidan Vəlisoy