Bu gün Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaranmasından 5 il ötür.
Bu əlamətdar hadisə ilə bağlı Manset.az Yeni Müsavat Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlundan müsahibə alıb.
Həmin müsahibəni təqdim edirik:
- Rauf müəllim, bu gün Medianın İnkişafı Agentliyinin yaranmasının 5 ili tamam olur. Ötən bu 5 ili necə xarakterizə edərdiniz?
“MEDİA Agentliyinin yaradılması Azərbaycan informasiya və media camiəsi üçün son dərəcə əhəmiyyətli hadisə idi və bu gün həmin qərarın nə qədər strateji və vaxtında atılmış addım olduğu artıq aydın görünür. Ötən 5 il ərzində media sahəsində mövcud olan hüquqi, institusional və status boşluqları mərhələli şəkildə doldurulub, jurnalistikanın kimliyi, missiyası və gələcək istiqamətləri qanunvericilik müstəvisində dəqiqləşdirilib. İstinad mədəniyyətinin formalaşdırılması, xəbər kopyalanmasına qarşı sərt mexanizmlərin yaradılması, media mühitinin sağlamlaşdırılması bu prosesin mühüm və müsbət nəticələrindəndir.
Eyni zamanda MEDİA Agentliyinin təşəbbüsü ilə təşkil olunan qlobal media forumları, beynəlxalq və ölkədaxili tədbirlər Azərbaycan mediasının statusunun müəyyənləşməsində və dünyaya açılmasında xüsusi rol oynayıb. Şuşada, son olaraq isə Xankəndidə keçirilən qlobal media forumlar, cənab Prezident İlham Əliyevin bu tədbirlərdə şəxsən iştirakı informasiya siyasətinin dövlət üçün strateji əhəmiyyət daşıdığını bir daha nümayiş etdirir.
Prezidentin hər il 22 iyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə bir araya gəlməsi, verdiyi mesajlar və yol xəritəsi Azərbaycan mediasının yalnız daxili platforma deyil, beynəlxalq informasiya məkanının da fəal iştirakçısına çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan mediasının dünyaya çıxışı üçün real imkanlar yaradır. Bütün bunların təşkilində və formalaşmasında MEDİA-nın böyük rolu vardır”.
- MEDİA yaradıldıqdan sonra bir sıra saytlara və çap mediasına maliyyə yardımının ayrılması, yeni medianın formalaşdırılması və problemlərin dövlət qurumları qarşısında qaldırılaraq həll edilməsi kimi mühüm işlərin öhtəsindən layiqincə gəldi. Bu barədə nə deyə bilərsiniz?
“MEDİA Agentliyinin saytlar və çap mediasına göstərdiyi dəstək, əməkdaşlıq mexanizmləri, sektorun institusional inkişafına verdiyi töhfələr təqdirəlayiqdir. Agentliyin peşəkar, səviyyəli və məsuliyyətli komandası qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gəlir. Agentliyin icraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə formalaşan bu komanda Azərbaycan media tarixində ən sistemli və peşəkar kollektivlərdən biridir.
Yeni medianın formalaşdırılması, problemlərin dövlət qurumları qarşısında qaldırılaraq həll edilməsi, media mülkiyyətinin sağlamlaşdırılması və şəffaflığın artırılması istiqamətində atılan addımlar xüsusilə önəmlidir. Bütün bunlar Azərbaycanın regionun informasiya məkanında artıq ciddi, təsirli və mərkəz rolunu oynayan bir aktora çevrildiyini göstərir.
Bu əlamətdar yubiley münasibətilə MEDİA Agentliyinin rəhbərliyini, kollektivini və bütövlükdə media camiəsini təbrik edir, daha böyük uğurlar arzulayıram. Azərbaycanın informasiya strategiyası güclənir və bu platformanın gələcəyi olduqca parlaq görünür”.