İranda hakimiyyətə qarşı etirazlar səngimir. Etirazlar fonunda İranın mühacirətdə olan vəliəhdi Rza Pəhləvinin onlayn müraciətləri onun İran İslam Respublikasında hakimiyyətə gələcəyi ilə bağlı iddialara səbəb olub. Bəs uzun illərdir sürgündə olan Pəhləvinin geri dönərək, ölkənin hakimiyyətini ələ keçirməsi nə dərəcədə mümkündür? Pəhləvilər hakimiyyətə geri dönərsə, Azərbaycanla münasibətlər necə irəliləyəcək?
Politoloq Məhəmməd Əsədullazadə Manset.az-a açıqlamasında bildirib ki, Rza Pəhləvinin hakimiyyətə gəlməsini dəstəkləyənlərin sayının çox göstərilməsinə baxmayaraq, bunu sadəcə bəzi fars qruplar dəstəkləyir.

“İranda baş verən etiraz aksiyaların hazırki hakimiyyətin devrilməsinə hesablanıb. ABŞ və İsrail də bu istiqamətdə etirazçılara dəstək verir. Hətta ABŞ hərbi variantı da masada saxlayır. İran rejiminə hərbi və siyasi rəhbərliyin də aradan götürülməsi istiqamətində hərbi əməliyyatlar da istisna edilmir. İranda Pəhləvilərin yenidən hakimiyyətə gəlməsi İsrailin planıdır. ABŞ bu müstəvidə hər hansı riskə getmək istəmir. Çünki İranda azərbaycanlılar və digər etnik qruplar bunu qəbul etmir. Yalnız farsların bir qismi bununla razılaşır. Rza Pəhləvi birləşdirici deyil, o, İrana gəlsə, bölücü fiqur ola bilər”.
Politoloq qeyd edib ki, Pəhləvilərin İranda yenidən hakimiyyətə qayıtması Azərbaycanla münasibətləri kəskinləşdirə bilər:
“Pəhləvilərin hakimiyyətə gəlməsi fonunda ilk növbədə azərbaycanlılara qarşı münasibət mənfi olacaq. Buna da təbii ki, Azərbaycan dözümlə yanaşa bilməz. Ona görə də, düşünürəm ki, Rza Pəhləvinin də hakimiyyətə gəlməsi mümkün deyil. Azərbaycan da İranda baş verən prosesləri yaxından izləyir. Lazım olduqda gərəkli addımlar atmağa da hazırdır. Bizə İranda siyasi sabitliyin və orada yaşayan azərbaycanlıların hüquqlarının təmin olunması lazımdır”.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan isə açıqlamasında bildirib ki, bu tip mülahizələr Rza Pəhləvinin İrandakı mövcud rejimə alternativ kimi “sırınması” məqsədi daşıyır:

“Rza Pəhləvinin İranda elə də gücü və sosial bazası yox dərəcəsindədir. Etiraz aksiyaları zamanı ayrı-ayrı xətlərin nümayəndələri, hətta İran daxilindəki vəziyyətdən narazı olan tərəfsiz insanlar da nümayişə çıxmışdılar. Bunu Rza Pəhləvi tərəfdarları guya onu istəyirlərmiş kimi qələmə verməyə çalışdılar. Monorxistlər, əslində, etiraz aksiyasında qabartmaqla nümayişlərdə pozuculuq və bölücülük işləri gördürlər. Bu da nəticədə hakimiyyətin xeyrinə oldu. Ona görə də onun hakimiyyətə gəlib gəlməyəcəyi ilə bağlı mülahizələrin irəli sürülməsini düzgün hesab etmirəm, bu sadəcə onun PR-nı dəstəkləyə bilər”.
Fidan Vəlisoy