"Son hadisə uşaqların silahlı oyunlara artan marağının nəticəsidir" - Psixoloq

13:54 - 06 Fevral 2026

\"Son hadisə uşaqların silahlı oyunlara artan marağının nəticəsidir\" - Psixoloq

Xəbər verdiyimiz kimi, bu gün Bakıda yerləşən İdrak liseyində 10-cu sinif şagirdi liseyin riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Hadisə səhər saatlarında məktəbin daxilində baş verib. Baş verən hadisə azyaşlı və yeniyetmələr arasında son dövrlərdə daha çox artan və bu cür hadisələr fonunda özünü büruzə verən aqressiyanın göstəricidir. Bəs azyaşlılar arasında valideynlərinə, müəllimlərinə, eləcə də həmyaşıdlarına qarşı aqressiyanın artması hansı amillərlə bağlıdır?


Mövzu ilə bağlı psixoloq Könül Cəfərova Manset.az-a açıqlamasında danışıb. O bildirib ki, uşaqlarda ətrafdakı insanlara və hadisələrə qarşı aqressiyanın artması səbəbləri müxtəlifdir:


“Bu, son dönəmlər üçün olduqca sarsıdıcı bir mövzudur. Hər birimiz artıq fərqindəyik ki, yeniyetmələrdə, gənclərdə qəribə aqressiya müşahidə olunmaqdadır. Bunun səbəbi heç də birmənalı deyil. Bu, həmin şagirdin yetişməsi, böyümə prosesi ilə bağlıdır. Biz bilirik ki, şəxsiyyətin inkişafı böhranlı yaş dövrlərində şagirdin rakursundan həyata baxış olunmalıdır. Ən azından bununla onu daha yaxşı başa düşmək və tənzimləmək üçün. Ola bilər ki, bu uşaq ailə mühitində sevgi çatışmazlığı, yetərsizliyi görüb, natamam, xaotik, ailə dəyərləri tamamlanmayan ailədə böyüyüb. Digər bir məqam da odur ki, keçid və böhranlı yaş dövrü ilə bağlıdır. Baş verən hadisə həmin yaş dövrünə sirayət edir. Müəllimlərin özlərinin də bu dövrlərdə şagirdlərlə davranışlarında müəyyən çətinliklər və məhdudiyyətlər yaranır. Məsələn, alçaldılma hissi, uşağın digər şagirdlərin yanında təhqir olunma hissi yaxud da bullinqə məruz qalma və s. Müəllimlər bu məsələlərə xüsusi həssaslıqla yanaşmalıdırlar. Təəssüflər olsun ki, müəllimlər bəzən bu həssaslığı qoruyub saxlaya bilmir. Bu həssaslıq qorunub saxlanılmadıqda qarşıdakı insan aqressivləşə bilir. Təbii ki, hadisənin detallarına aidiyyatı qurumlar və psixoloqlar tərəfindən aydınlıq gətiriləcək”.

Psixoloq qeyd edib ki, cəmiyyət üçün təhlükə yaradan bir uşağın hərəkətində həm valideynlərin, həm də məktəbin payı var. Bu cür uşaqlar xüsusi diqqətlə və nəzarətdə böyüməlidirlər:

“Cəmiyyət olaraq hər birimiz bu hadisədə günahkarıq. Heç bir uşaq bu dünyaya “pis insan” olaraq gəlmir. Uşaq dünyaya uşaq olaraq gəlir. Con Lokkun nəzəriyyəsində deyir ki, insanın beyni ağ lövhəyə bənzəyir. Biz bu ağ lövhəyə cəmiyyət olaraq nəyi yazırıqsa, o da övladlarımızın beynində səslənir. Bu uşağı da cəmiyyətdə bu formada cəmiyyətdə biz - ana, valideyn, müəllim, mən, sən yetişdirmişik. Ona görə də mən çox istəyərdim ki, dövlət qurumları bu məsələyə daha həssas yanaşsın. Çünki bu ilk bu tərz hadisə deyil. Rayonlarımızın birində də azyaşlı uşaq digər yoldaşını vəhşicəsinə qətlə yetirmişdi. Yəni bu təkcə uşaqların problemi deyil. Bütün cəmiyyətin, ailənin və ətrafın problemidir. Ona görə də, istəyərdik ki, bu cür aqressiyası kontroldan çıxan uşaqlarla bağlı həyəcan təbili çalaq və bu uşaqları lazımi qurumlara, lazımi istiqamətlərə yönləndirək”.

Könül Cəfərovanın sözlərinə görə, son dönəmlərdə azyaşlıların daha çox aludə olduğu kompüter oyunları və sosial şəbəkələrdən nəzarətsiz istifadə də aqressiyanın artmasına təsirsiz ötüşmür:

“Aqressiyanın əsas yaranma səbəbləri onların cəmiyyətdə qarşılaşdıqları yanaşma, gördükləri münasibət olsa da, həmin aqressivliyi artıran səbəb isə bir çox kompüter oyunlarıdır.  Liseydə baş verən son hadisə də uşaqların komputer və ya mobil telefonlarda silahlı oyunlara artan marağının nəticəsidir.  Uşaqların istər telefonunda, istər kompüterində, sosial şəbəkələrində daim valideyn nəzarəti olmalıdır. Amma bu nəzarəti uşağa davamlı olaraq hiss etdirmək, onu təhdid etmək qətiyyən olmaz, bu da ona mənfi təsir edə bilər. Amma valideyn olaraq onunla dost münasibəti quraraq, onun nə ilə məşğul olduğunu, kimlərlə əlaqədə olduğunu valideyn mütləq nəzarətdə saxlamalıdır. Sağlam psixikalı uşaq yetişdirmək üçün sağlam valideyn, sağlam mühit və sağlam cəmiyyət yaratmalıyıq”.


Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az