Bu gün futbolsevərləri maraqlı bir qarşılaşma gözləyir. Azərbaycan təmsilçisi "Qarabağ" İngiltərənin "Nyukasl" klubu ilə üz-üzə gələcək. Hər iki komanda üçün vacib olan bu qarşılaşma həm qrup mərhələsindəki mövqelərini, həm də gələcək uğurlarını müəyyən etməklə bərabər Azərbaycanın tarixində ilk hadisə olacaq.
Manset.az oyunla bağlı Ağdam rayon İcra başçısı Vaqif Həsənovun fikirlərini öyrənib. O bildirib ki, “Qarabağ”ın “Nyukasl”la oyunundan yüz faiz qələbə gözləyir:
“Bu gün Ağdam rayon olaraq “Qarabağ” komandası ilə biryerdədir. Komandamıza uğurlar arzulayırıq. Azərbaycan Cənab Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarını azad etdiyi, möcüzə yaratdığı, suverenliyi bərpa etdiyi kimi, bu oyunda da “Qarabağ” Azərbaycan ordusunun dediyi sözü təkrar edəcək. Təbii ki, yüz faiz qələbə arzu edirik”.
İcra başçısı qeyd edib ki, hazırda paytaxtdadır və oyunu məhz Bakıdan izləyəcək:
“Ötən gün Bakı şəhərində keçmiş məcburi köçkünlərlə görüşümüz var idi, hazırda Bakıdayam, oyunu buradan izləyəcəyəm. Amma Ağdam rayonunun əhalisi bu oyunu səbirsizliklə gözləyir. Ümumiyyətlə, biz “Qarabağ”ın oyunlarına sadəcə futbol oyunu kimi baxmırıq. “Qarabağ”ın qələbələri bizim üçün olduqca vacibdir, çünki bu qələbələr Azərbaycan ordusunun qələbəsini bir daha təsdiqləyir. Bu gün bütün Azərbaycan “Qarabağ”la birlikdə olacaq. Ağdamda da bütün tədbirlər görülüb, böyük monitor da quraşdırılıb. Oyun böyük həvəslə gözlənilir. Bir şeyi də qeyd edim ki, belə oyunların çox böyük iqtisadi amilləri də var. Nəinki Ağdamda, bütün rayonlarımızda, o cümlədən, Bakıda bütün restoranlar, kafelər oyun üçün sifariş edilib. Ona görə də belə beynəlxalq qarşılamanın ölkəmiz üçün çox böyük əhəmiyyəti var”.
Fidan Vəlisoy