Bayram Yusifov türkiyəli iş adamını məhkəməyə verdi

14:08 - 20 Aprel 2026

Bayram Yusifov türkiyəli iş adamını məhkəməyə verdi

"Massimo Group MMC" şirkətinin rəhbəri, türkiyəli iş adamı Necib Köse Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovdan şikayətçidir.


N.Köse bu barədə şirkətin sosial şəbəkə hesablarında video paylaşaraq, Bayram Yusifovun ona böyük miqdarda borcunun olduğunu iddia edir.

Manset.az məsələ ilə bağlı Bayram Yusifovla əlaqə saxlayıb. O bu məsələyə görə türkiyəli iş adamını məhkəməyə verdiyini bildirib:

"Mən o şəxsi məhkəməyə vermişəm. Onun dediklərinin heç bir həqiqətə uyğunluğu yoxdur. Biz iddia ərizəsində də qeyd etmişik ki, türkiyəli iş adamı ya gəlib mebelini götürsün, ya da bazar qiymətinə uyğun pulunu verək. Hazırda iş Səbail Rayon məhkəməsindədir. O bizim təklifimizlə razı olmur, bizə hədə-qorxu gəlir. Bu, klassik şantaj metodudur. Necib Köse məhkəməyə gəlib iddia etdiklərini sübut etsin". 

Bayram Yusifovun vəkili Akif Əliyev saytımızla əlaqə saxlayıb:

"Bundan öncə Bayram Yusifov adıçəkilən şəxsdən 55 min manat dəyərində mebel sifariş edib. Həmin mebel onun xoşuna gəldiyi üçün əlavə olaraq onun 20-ci sahədə yerləşən evinə bir neçə mebel düzəltdirmək istəyib. Necib Köse ilə aralarında şifahi razılıq olub. Danışıq belə olub ki, mebellər eyni keyfiyyətdə və Türkiyə istehsalı olmalıdır. Danışığa görə, Bayram müəllim ona bildirib ki, əgər görülən işdən razı qalsa, Xırdalanda yerləşən ümumi sahəsi 114 kv metr mənzili işinin müqabilində ona verə bilər. Bu danışıqlar hamısı şifahi olub. N.Kösenin verdiyi 55 min manatlıq qaimə isə rəsmi olub. Hələ o bilmir ki, türkiyəli iş adamı onu kassaya vurub ya yox... Onun verdiyi isə adi qaimə fakturadır. Necib Köse özü ƏDV ödəyicisi deyil. Onun götürdüyü sifarişlərin hamısı "Massimo Group MMC"nin adından hesablanır. Əslində, o sahibkar kimi müştəri ilə müqavilə bağlamalı idi və müqavilədə hər şey - mebelin mənşəyi, harada istehsal olunduğu qeyd olunmalı idi. Arada mübahisə yarandığı təqdirdə isə həmin müqavilə ilə tənzimlənməli idi. Sonradan Bayram müəllim görür ki, təqdim edilən mebellər həmin keyfiyyətdə deyil, onların 90 faizi Azərbaycanda istehsal olunub, xarici məhsul deyil. Ona görə də, Bayram müəllim N.Köseyə bildirdi ki, bu məhsulların qiymətini yerli bazara uyğun ödəməyə hazırdır. Xırdalandakı mənzilin qiyməti isə 150-160 min manat dəyərindədir. Bayram müəllim hazırlanan mebelləri təxminən 59 min manat civarında qiymətləndirir. Ona görə də, biz bu qiymətlə ödənişi etmək istəyirik. Bizdə olan məlumata görə, o başqa bir nəfərə 11 min manata düzəltdiyi mebeli, Bayram bəyə 28 min manata hazırlayıb. Necib Köse mebellerin qiymətini şişirdilmiş formada deyir ki, Xırdalandakı mənzilin qiymətinə uyğunlaşdıra bilsin. O, hazırladığı 50-60 min manatlıq mebelin qarşılığında 160 min manatlıq mənzil istəyir. Türkiyəli iş adamı müstəqil qiymətləndiricilər tərəfindən də mebellərin ümumi dəyərinin müəyyən olunmasını qəbul etmək istəmir. Bayram bəy məhkəmə qaydasında tələb edir ki, Necib Köse gəlib mebelləri çıxarsın və ittihamlarına qanun qarşısında cavab versin. İş adamı Bayram Yusifovu dələduz, "şər adam", "oliqarx" və s. adlandırıb. Bununla da, Ağsaqqallar Şurası sədrinin müavininin ictimai nüfuzuna, cəmiyyətdəki mövqeyinə xələl gətirib. Necib Köse ittihamları ilə bağlı qanun qarşısında cavab verməli olacaq". 


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az