Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in rəhbəri Murat Kurum Azərbaycanda keçirilən COP29 və Türkiyədə təşkil olunan COP31 tədbirlərini müqayisə edib.
Manset.az xəbər verir ki, nazir bununla bağlı saytımızın baş redaktoru Əli Vəliyevin bu barədə sualını cavablandırarkən danışıb.
Murat Kurum COP31-in təşkilində Azərbaycanın göstərdiyi dəstəyi xüsusi vurğulayıb, iki ölkənin bu prosesdə birgə fəaliyyət göstərdiyini bildirib:
“Hər ikisi də gözəl idi. Azərbaycanlı qardaşlarımız bu prosesdə bizə həqiqətən böyük dəstək göstərdilər.
Deyə bilərəm ki, həm Muxtar Baba, həm Yalçın qardaşım, həm də cənab Prezident İlham Əliyevin tapşırıqları ilə iki qardaş ölkə olaraq bu işi birlikdə həyata keçirdik.
Nəticə etibarilə, onlardan, azərbaycanlı qardaşlarımızdan təhvil aldığımız bayrağı daha yüksəklərə qaldırmaq üçün biz də səylə çalışırıq. COP31 çərçivəsində onların təcrübəsindən və biliklərindən istifadə etdik. Komandalarımız birlikdə çalışdı. Buna görə onlara minnətdarlığımı bildirirəm.
Əgər burada bir uğur varsa, bu, hamımızın uğuru olacaq. Biz də məhz bu uğurun əldə olunmasını istəyirik”.
Manşet.az