Sosial şəbəkələrdə “Boranı” restoranı ilə bağlı şikayət videosu yayılıb. Videonu çəkən vətəndaş iddia edir ki, restorana tək gedərək yemək yemək istəsə də, müəssisə əməkdaşları ona xidmət göstərməkdən imtina ediblər. Bildirilib ki, restoranda minimum iki-üç nəfərlik müştəri qruplarına xidmət göstərilir.
Bəs restoran və digər ictimai iaşə müəssisələri müştərilərə bu cür məhdudiyyətlər tətbiq edə bilər?
Mövzu ilə bağlı tanınmış hüquqşünas Ramil Vəliyev Manset.az-a açıqlamasında bildirib ki, boş masa olduğu halda tək gələn müştəriyə xidmət göstərilməsindən imtina edilməsi qanunsuzdur və istehlakçı hüquqlarının pozulması hesab olunur. Onun sözlərinə görə, ictimai iaşə müəssisələri müştərilərə tək, qrup şəklində və ya bir neçə nəfər olmalarından asılı olmayaraq bərabər şəkildə xidmət göstərməlidirlər:

“İctimai iaşə müəssisələri müştərilərin tək, qrup şəklində və ya bir neçə nəfər olmasından asılı olmayaraq hər kəsə bərabər şəkildə xidmət göstərməyə borcludurlar.
Əgər boş masa varsa, həmin masadan istifadə etmək istəyən hər bir vətəndaşla xidmət müqaviləsi bağlanmalıdır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə əsasən, vətəndaşlar ictimai iaşə müəssisələrinin göstərdiyi xidmətlərdən bərabər şəkildə istifadə etməli, bunun üçün onlara şərait yaradılmalı və sərbəst seçim imkanları təmin olunmalıdır".
Hüquqşünas qeyd edib ki, restoran sahibi müəssisənin yalnız iki, üç və ya beş nəfərlik müştərilərə xidmət göstərdiyini əsas gətirərək tək gələn müştəriyə yer verməkdən imtina edə bilməz. Bu, qanunsuzdur:
"Bununla bağlı müəyyən istisnalar ola bilər. Məsələn, həqiqətən də boş yer olmaya bilər və ya müəssisədə yaş məhdudiyyəti tətbiq edilə bilər. Belə hallarda ictimai iaşə müəssisəsinin rəhbərliyi müvafiq əsasın olduğunu sübut etməlidir. Yəni həqiqətən boş yerin olmadığı və ya yaş məhdudiyyətinin mövcudluğu əsaslandırılmalıdır.
Əks halda, vətəndaşın restorana buraxılmaması və yalnız tək gəldiyinə görə ona xidmət göstərilməməsi yolverilməzdir. Belə hallarla qarşılaşan istehlakçılar Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi şəkildə müraciət edərək hüquqlarının müdafiəsini tələb edə bilərlər”.
Fidan Vəlisoy