Dünyanın diqqət mərkəzi Azərbaycana yönəlib

20:16 - 06 İyun 2024

Dünyanın diqqət mərkəzi Azərbaycana yönəlib

Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev rərəfindən uğurla davam etdirilən beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib.
 

Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir.
Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir. Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir.
Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.
Avropa və dünyanın bir neçə digər ölkəsi Azərbaycanla iqtisadi əlaqələrinin gücləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə ehtiyac duyurlar. Son illərdə isə dünyada Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat artır. Prezident cənab İlham Əliyevin uğurlu enerji siyasəti ölkəmizi regionda böyük enerji mərkəzinə çevirib. Bu sahədə ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan çoxalır. Azərbaycan qazının Avropa bazarına ixrac coğrafiyası daha da genişlənir. Azərbaycan enerji təchizatında mühüm tərəfdaş kimi Avropada öz mövqelərini daha da möhkəmləndirir. Cənub Qaz Dəhlizinin işə salınmasından əvvəl bir çox Avropa ölkələri marşrutların və enerji təchizatı mənbələrinin şaxələndirilməsini təmin edən və bununla da Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən bu dəhlizə interkonnektorlar vasitəsilə qoşulmaqda maraqlı olduqlarını bildirirdilər.
Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir.
Yeni dönəmdə ölkəmizin enerji təhlükəsizliyi siyasətinin aparıcı istiqamətindən birini də “yaşıl enerji” siyasəti təşkil edir. Qeyd edək ki, bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı oldu. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident cənab İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb. Qeyd edə ki, “Yaşıl dünya naminə həmrəylik ili” də ölkəmizdə keçiriləcək COP 29 beynəlxalq tədbiri enerji sahəsində əldə etdiyimiz uğurları dünyaya bir daha göstərmək üçün ideal platforma olacaq.
Ölkəmizdə keçirilən Bakı Enerji Həftəsi tədbirlər silsiləsi və açılış mərasimlərində ölkə rəhbəri cənab İlham Əliyevin iştirak edərək nitqlə çıxış etməsi əldə olunan uğurların həcminin kifayət qədər artmasını bir daha göstərir. Bununlada dünyanın diqqət mərkəzi bir daha Azərbyacana yönəlir.
Cari ilin iyun ayının 4-də Prezident cənab İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimində çıxışı zamanı enerji sahəsində əldə olunan uğurlardan bəhs edərkən - “Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik”- deməsi əzmkar fəaliyyətin və siyasi iradənin əldə olunan uğurlardakı rolunu bütün dünyaya bir daha sübut edir. Bu həm bütün dünya üçün əsl nümunə olmaqla enerji sahəsində bütün istiqamətlərin inkişafında Azərbaycan modelinin dünyaya təqdim edilməsi, həm də dünyanın enerji xəritəsinin zənginləşdirilməsində ölkəmizin mühüm mövqedə durmasıdır.
Bu gün enerji siyasəti və əldə olunan uğurlar özünün yeni dönəminə qədəm qoyub. Bütün bunların bazasını isə sözsüz ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Qələbələr təşkil edir. Bununla da bütün dünya Azərbaycanın uğurları heyranlıqla seyr edir və onu təqdir edir.
 
Vasif Nəbiyev
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az