Azərbaycan xalqının tarixində 28 May 1918-ci il əlamətdar gündür. Həmin gün müsəlman Şərqində ilk dəfə olaraq demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. Bu hadisə həm ölkəmizin milli dövlətçilik tarixində dönüş nöqtəsi, həm də müasir Azərbaycanın hüquqi-siyasi təməlini təşkil edən mühüm mərhələdir. Müstəqillik anlayışının mənəvi, ideoloji və siyasi əsaslarını formalaşdıran AXC-nin fəaliyyəti bu gün Azərbaycan Respublikasının dövlət siyasətində öz real təcəssümünü tapır. Dövlətçiliyin əsas institutlarının yaradılması, milli təhsil və ordu quruculuğu, diplomatik tanınma və hüquqi bərabərlik kimi dəyərlər həmin dövrün mirası olmaqla bu gün də strateji istiqamət kimi davam etdirilir.
Azərbaycan Xalq Cümhuriyyəti: Dövlətçilik nümunəsi və
müasirliyə körpü Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də
Gürcüstanın Tiflis şəhərində Müsəlman Şərqində ilk demokratik respublika kimi
elan olundu. Cəmi 23 ay yaşamasına baxmayaraq, bu dövlət mühüm qərarlar və
islahatlarla Azərbaycanın gələcək siyasi varlığının əsasını qoydu. Onun qəbul
etdiyi qərarlar bu gün müasir Azərbaycanın ideoloji və hüquqi bazasında mühüm
yer tutur. Dövlət institutlarının təşkili
AXC müstəqilliyini elan etdikdən dərhal sonra dövlətin idarəetmə strukturlarını
formalaşdırmağa başladı. Parlament yaradıldı və burada çoxpartiyalı sistem tətbiq
olundu. Qanunvericilik, icra və məhkəmə orqanları təsis edildi. 1918-ci ilin
iyununda Nazirlər Şurası formalaşdırıldı və ilk hökumət Gəncədə fəaliyyətə
başladı. Dövlət rəmzləri – bayraq, gerb və himn qəbul edildi. Dövlət dili Azərbaycan
dili elan olundu və bütün vətəndaşlara milli və dini mənsubiyyətindən asılı
olmayaraq bərabər hüquqlar verildi. Bu gün müasir Azərbaycan Respublikasının
Konstitusiyası və hüquqi sistemi həmin dövrdə AXC tərəfindən atılmış addımlara
söykənir. Dövlət suverenliyi, vətəndaş bərabərliyi, hüquqi dövlət anlayışı bu əsaslar
üzərində inkişaf etdirilmişdir.
Bakı Dövlət Universitetinin yaradılması Azərbaycan
Xalq Cümhuriyyətinin fəaliyyətində xüsusi yer tutan sahələrdən biri təhsil və
maarifləndirmə idi. 1919-cu il sentyabrın 1-də AXC hökumətinin qərarı ilə Bakı
Dövlət Universiteti təsis olundu. Bu addım
dövlətin elmə, milli intellektual potensiala verdiyi dəyərin göstəricisidir.
Müasir dövrdə Bakı Dövlət Universiteti (BDU) Azərbaycanın ali təhsil sistemində
aparıcı rol oynayır. BDU, AXC-nin qoyduğu təməl üzərində bu gün də yüz minlərlə
tələbəyə yüksək ixtisaslı təhsil verir, beynəlxalq əməkdaşlıqlar qurur və Azərbaycan
elminin inkişafına ciddi töhfə verir. Prezident İlham Əliyevin təhsil sahəsinə
göstərdiyi qayğı nəticəsində universitet müasir infrastrukturla təmin olunub və
qlobal elmi mühitə inteqrasiya olunmuşdur.
Ordu quruculuğu AXC fəaliyyətə
başladıqdan dərhal sonra ordu quruculuğuna da xüsusi diqqət yetirdi. 1918-ci
ilin iyununda ilk müstəqil Azərbaycan hərbi hissələri yaradıldı. Nuru Paşanın
komandanlığı ilə Qafqaz İslam Ordusu və yerli hərbi birləşmələrin birgə fəaliyyəti
nəticəsində Bakı bolşevik-daşnak qüvvələrindən azad edildi. Bu gün Azərbaycanın
güclü və peşəkar ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış və
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə öz gücünü
nümayiş etdirmişdir. Müasir Azərbaycan Ordusunun təməli məhz AXC dövründə
qoyulmuşdu və bu ənənə bu gün də davam etdirilir.
AXC-nin fəaliyyətində mühüm
istiqamətlərdən biri də diplomatik sahə olmuşdur. 1919-cu ilin dekabrında Azərbaycan
nümayəndə heyəti Paris Sülh Konfransında iştirak etdi və nəticə etibarilə
1920-ci ilin yanvarında ABŞ və digər böyük dövlətlər AXC-ni de-fakto tanıdı.
Bu, Azərbaycan tarixində beynəlxalq aləmdə tanınma baxımından ilk rəsmi uğur
idi. Hazırda Azərbaycan Respublikası dünyanın 180-dən artıq ölkəsi ilə
diplomatik əlaqələr qurub, BMT, ATƏT, Qoşulmama Hərəkatı və s. kimi təşkilatlarda
fəal mövqe tutur. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində
ölkəmizin beynəlxalq nüfuzu davamlı olaraq yüksəlir.
Qeyd etmək lazımdır ki, 1920-ci
ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşeviklər tərəfindən
milli atributlarımız qadağan olundu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sessiyasında üçrəngli bayraq
rəsmi olaraq qəbul edildi və ilk dəfə dövlət bayrağı kimi Naxçıvan Muxtar
Respublikasında dalğalandırıldı. Bu fakt Azərbaycanın müstəqil dövlətçilik iradəsinin
sönmədiyini, milli-mənəvi dəyərlərin qorunub saxlanıldığını və müstəqilliyin bərpasına
gedən yolun Naxçıvandan başlandığını göstərir. Məhz bu addım sonrakı illərdə
bütöv Azərbaycan Respublikasında üçrəngli bayrağın dövlət rəmzi kimi
tanınmasına yol açdı. 1991-ci ildə SSRİ-nin süqutu ilə Azərbaycan müstəqilliyini
bərpa etdi. Lakin bu müstəqillik böyük sosial-iqtisadi və siyasi problemlər
fonunda elan olundu. Ermənistanın işğalçılıq siyasəti, Qarabağda gedən müharibə,
daxili qarşıdurmalar və siyasi qeyri-sabitlik ölkəni dağılmaq təhlükəsi ilə
üz-üzə qoymuşdu. 1993-cü ildə xalqın təkidli
tələbi ilə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev müstəqilliyi
qoruyaraq möhkəmləndirdi. O, hüquqi dövlət quruculuğu, iqtisadi islahatlar,
enerji strategiyası və beynəlxalq əlaqələrin inkişafında mühüm addımlar atdı.
1994-cü ildə “Əsrin müqaviləsi” ilə Azərbaycanın neft potensialı dünya bazarına
çıxarıldı. Bu, ölkənin iqtisadi müstəqilliyini və inkişafını təmin edən əsas
amilə çevrildi. Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan 1995-ci il
Konstitusiyası ölkədə hüquqi və demokratik cəmiyyətin əsaslarını formalaşdırdı.
Davamlı inkişaf və qlobal
mövqelər 2003-cü ildə prezident seçilən İlham Əliyev Ulu Öndərin siyasi kursunu
uğurla davam etdirərək Azərbaycanı bölgənin lider dövlətinə çevirdi. Onun rəhbərliyi
ilə neft və qaz sahəsində beynəlxalq layihələr, iqtisadi şaxələndirmə siyasəti
və sosial proqramlar həyata keçirildi. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi
ilə Avropanın enerji təhlükəsizliyində strateji mövqe qazandı. İnfrastrukturun
inkişafı, kənd təsərrüfatının modernləşməsi və qeyri-neft sektorunun genişləndirilməsi
nəticəsində ölkə davamlı iqtisadi artım əldə etdi. 2020-ci ilin payızında
başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi, 2023-cü ilin lokal
xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa
etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı
torpaqları azad etdi və regionda yeni reallıqlar yaratdı. Bu qələbə Azərbaycanın
siyasi, hərbi və diplomatik gücünün nəticəsi idi və ölkəmizin suverenliyini tam
şəkildə təmin etdi. Bu Qələbə yalnız hərbi uğur deyildi, həm də Azərbaycan
xalqının milli qürurunun, dövlət müstəqilliyinin və siyasi iradəsinin təntənəsi
idi. Prezident İlham Əliyev bu müharibəni həm döyüş meydanında, həm də
informasiya və diplomatik müstəvidə yüksək peşəkarlıqla idarə etdi. Azərbaycanın
haqq səsi dünya ictimaiyyətinə çatdırıldı, işğal faktı beynəlxalq səviyyədə
tanındı və Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Bu
müharibədə qazanılan zəfər sübut etdi ki, Azərbaycan Respublikası nəinki siyasi
və iqtisadi cəhətdən güclü dövlətdir, eyni zamanda yüksək hərbi potensiala,
milli birlik və vətənpərvərlik ruhuna sahib bir ölkədir. Məhz bu uğurların təməlində
1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin idealları, Heydər Əliyev
siyasi irsi və Prezident İlham Əliyevin müasir dövlətçilik fəlsəfəsi dayanır.
İdeoloji, milli və strateji
yanaşmalar bu gün 28 May – Müstəqillik Günü təkcə tarixi bir hadisənin ildönümü
deyil, həm də Azərbaycan dövlətinin ideoloji özünüdərki, milli kimlik
duyğusunun təcəssümüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu bayram daha
geniş miqyasda, ictimai, siyasi və ideoloji səviyyədə qeyd olunur. 2021-ci ildən
etibarən 28 May dövlət səviyyəsində “Müstəqillik Günü” kimi rəsmiləşdirildi. Azərbaycan
gəncliyinin və vətəndaş cəmiyyətinin bu tarixi düzgün mənimsəməsi üçün dövlət tərəfindən
maarifləndirmə tədbirləri, konfranslar, sərgilər və kitab layihələri həyata
keçirilir. Müstəqillik Günü artıq təkcə keçmişə baxış deyil, eyni zamanda gələcəyə
baxış – güclü, müstəqil, rifahlı Azərbaycanın gələcəyinə olan inamın
simvoludur.
28 May 1918-ci ildə əsası
qoyulan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik
respublika olaraq dünya tarixində iz qoydu. Cəmi 23 ay yaşamış bu dövlətin
hüquqi, siyasi və ideoloji irsi bu gün müasir, suveren və güclü Azərbaycan
Respublikasının təməlində dayanır. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və
dövlətçilik fədakarlığı nəticəsində Azərbaycanın müstəqilliyi qorundu və gücləndirildi.
Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə bu müstəqillik daimiləşdirildi,
Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və dövlətimiz regionun liderinə
çevrildi. 28 May bizim üçün yalnız tarixi bir gün deyil, milli qürur günüdür.
Bu gün biz təkcə dövlətçilik tariximizi deyil, həm də gələcək nəsillərə ötürüləcək
azadlıq, suverenlik və milli birlik ideyasını yaşadırıq. Hər bir Azərbaycan vətəndaşı
bu günü qürurla qeyd edir, çünki bu gün müstəqil, güclü, əbədi yaşayacaq Azərbaycanın
simvoludur.
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon
təşkilatının sədri