Akademik Zərifə xanım Əliyeva - İnsanlığa həsr olunmuş ömür

13:00 - 15 Aprel 2026

Akademik Zərifə xanım Əliyeva - İnsanlığa həsr olunmuş ömür

 Azərbaycan tibb tarixində silinməz iz qoyan görkəmli alim, akademik Zərifə xanım Əliyeva XX əsr Azərbaycan elminin ən parlaq simalarından biridir. O, oftalmologiya sahəsində qazandığı nailiyyətlərlə yanaşı, yüksək insani keyfiyyətləri, mərhəməti və elmə sarsılmaz sədaqəti ilə yaddaşlarda qalıb. Zərifə xanım yalnız böyük alim deyil, həm də maarifçi ziyalı, vətənə bağlı fədakar bir şəxsiyyət idi.


1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində ziyalı ailəsində dünyaya gələn Zərifə xanım hələ gənc yaşlarından elmə xüsusi maraq göstərib. O, Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində təhsil alaraq 1947-ci ildə oranı əla qiymətlərlə bitirib. Elə həmin dövrdən başlayaraq həyatını oftalmologiya elminə həsr edib. Zərifə xanım Əliyevanın adı xüsusilə Azərbaycanda geniş yayılmış Traxoma xəstəliyinin aradan qaldırılması ilə sıx bağlıdır. XX əsrin 40–50-ci illərində minlərlə insanın görmə qabiliyyətini itirməsinə səbəb olan bu xəstəliyə qarşı onun apardığı elmi tədqiqatlar və tətbiq etdiyi müalicə üsulları nəticəsində respublikada traxoma faktiki olaraq ləğv edilib. Bu, Azərbaycan səhiyyə tarixində mühüm dönüş nöqtələrindən biridir. 1960-cı ildə elmlər namizədi, 1977-ci ildə isə tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülən Zərifə xanım Əliyeva oftalmologiyanın müxtəlif istiqamətləri üzrə fundamental tədqiqatlar aparıb. Onun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri sənaye müəssisələrində çalışan insanların peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi olub. Bu sahədə yazdığı dissertasiya işi H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə olunaraq yüksək qiymətləndirilib.

Zərifə xanımın təşəbbüsü ilə peşə patologiyası sahəsində göz xəstəliklərinin profilaktikası və erkən diaqnostikasına dair yeni elmi yanaşmalar formalaşdırılıb. O, bu sahəni sistemləşdirərək həm Azərbaycan, həm də keçmiş SSRİ məkanında oftalmologiyanın inkişafına mühüm töhfələr verib. Onun müəllifi və həmmüəllifi olduğu 150-yə yaxın elmi əsər, 12 monoqrafiya, dərslik və metodik vəsaitlər tibb elminin inkişafında mühüm rol oynayıb.

1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı tədqiqatlara görə Zərifə xanım Əliyeva oftalmologiya üzrə ən nüfuzlu mükafatlardan biri – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. 1983-cü ildə isə o, Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib.

Elmi fəaliyyətlə yanaşı, Zərifə xanım Əliyeva pedaqoji sahədə də böyük xidmətlər göstərib. O, gənc həkimlərin yetişdirilməsində mühüm rol oynayıb, tələbələrinə yalnız tibbi bilik deyil, həm də yüksək mənəvi dəyərlər aşılayıb. Onun rəhbərliyi ilə çoxsaylı dissertasiya işləri müdafiə olunub, yeni alim nəsli formalaşıb.

Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olundu. Zərifə xanım Əliyeva 1985-ci ildə dünyasını dəyişsə də, onun adı və irsi bu gün də yaşayır. Zərifə xanım Əliyeva öz işini sevən və böyük elmi yeniliklərə imza atan fədakar həkim və böyük ziyalı olmaqla yanaşı, həm də Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi örnək bir qadın, Müzəffər Ali Baş Komandan, Qarabağ Fatehi, Prezident İlham Əliyevin anası kimi örnək bir ana olaraq yaddaşlarda qalıb. Bu gün onun adı Azərbaycan tarixində, səhiyyə sistemində, elm və təhsil müəssisələrində yaşayır. Zərifə xanım Əliyeva adına tibb ocaqları, təqaüdlər və mükafatlar onun xatirəsini yaşatmaqla yanaşı, gələcək nəsillərə ilham verir. Onun həyat yolu və fəaliyyəti Azərbaycan tibb elmi üçün örnəkdir və bu irs hələ uzun illər boyu inkişafın istiqamətini müəyyən edəcəkdir. Zərifə xanım Əliyeva yalnız öz dövrünün deyil, bütün zamanların ideal qadın obrazını təcəssüm etdirən nadir şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Vasif Qafarov

Milli Məclisin deputatı


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az