Rusiya və Ukrayna arasında gərginlik nə zaman bitəcək? - "Moskva Zelenskini aradan götürmək istəyir"

14:30 - 28 Fevral 2022

Rusiya və Ukrayna arasında gərginlik nə zaman bitəcək? - \"Moskva Zelenskini aradan götürmək istəyir\"

Gərginlik davam edir, qan tökülür. Danışıqlar başlasa da inanmıram ki, elə bir nəticə versin. Çünki artıq rus qoşunları Ukrayna ərazisindədirlər. Burada hər halda vasitəçilər mühüm rol oynayacaq. O cümlədən Azərbaycan da vasitəçilik etmək üçün təklif edib. Hətta danışıqlar üçün Bakı da təklif olunan şəhərlər sırasındadır. Amma gərginlik xeyli vaxt davam edəcək.

Bu fikirləri Manset.az-a açıqlamasında politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. Politoloq müharibənin uzanacağını da istisna etmir: 

“Rusiyaya qarşı sanksiyalar təsirsiz ötüşməyəcək. Çünki Moskva indiyə qədər danışıqlara getmək istəmirdi, sadəcə ukraynalıların tərk-silah olacağı halda bunun mümkün olacağını deyirdi. Lakin bu tələb artıq aradan götürülüb. Moskva artıq danışıqlara razılaşır. Bu sanksiyalar Rusiyanın həm iqtisadi, həm də maliyyə vəziyyətinə öz mənfi təsirini artıq göstərməyə başlayıb. Avropa İttifaqı və bir sıra ölkələr öz səmalarını Rusiya üçün bağlayıb. Rus təyyarələri bu ölkələrdən keçə bilmirlər. Təzyiqlər müəyyən dərəcədə öz təsirini göstərə bilər.Müharibə müvəqqəti olaraq dayandırıla bilər. Ama Rusiya tam şəkildə Ukraynadan çıxmayacaq. Çünki qoşunlar artıq Ukraynanın ərazisində- Xarkov, Kiyev, Melitopol, Xersonun və digər şəhərlərdədir. Hissə-hissə çıxsalar belə, Qondarma Donetsk, Luqansk Respublikasından çıxmayacaqlar. Oraları müdafiə etmək, qoşunları orada yerləşdirmək  üçün əllərindən gələni edəcəklər”.

Politoloq əlavə edib ki, müharibə Ukraynada Zelenskinin hakimiyyətdən getməsinə səbəb olmayacaq:

“Mən düşünmürəm ki, Zelenski hakimiyyətdən getsə müharibə dərhal dayansın. O, qanuni şəkildə seçilmiş dövlət başçısıdır. Onun hakimiyyətdən getməsi o halda mümkün ola bilər ki, ya onu oradan götürə bilərlər, ya da ona qarşı qeyri-sivil addım atıla bilər. Amma Zelenski bütün hallarda dövlət başçısı kimi hələ fəaliyyət göstərir. Təbii ki, Rusiya çalışacaq ki, onu aradan götürsün. Bunun reallığa nə dərəcədə uyğun olduğunu zaman göstərəcək”.

Gülçin Nağıyeva
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az