"İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində Bakı Konqres Mərkəzində mədəniyyət və yaradıcı sənayelərlə bağlı müxtəlif sərgilər təşkil edilib.
Dekabrın 8-də festivalın rəsmi açılış mərasimindən sonra mədəniyyət naziri Adil Kərimli və bir sıra ölkələrdən gəlmiş həmkarları sərgilərlə tanış olublar.
Ziyarətçilər festival məkanı çərçivəsində yaradıcı ideyaların, innovasiyanın və zəngin mədəni irsin bir araya gəldiyi bir sıra xüsusi məkanlarla yaxından tanış olmaq imkanı əldə ediblər. Onlar Yaradıcı Kənd (Creative Village) zonasında gənc dizaynerlərin, rəssamların və yaradıcı komandaların canlı performanslarını, sərgilərini və interaktiv layihələrini izləyiblər.
Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi (MYEXPO) çərçivəsində yerli və beynəlxalq yaradıcı brendlər, studiyalar və istehsalçılar öz innovativ məhsul və həllərini təqdim ediblər.
Ziyarətçilər eyni zamanda İslam xəttatlıq sənəti bölməsində klassik və müasir xəttatlıq nümunələri ilə tanış olub, bu incə sənətin fəlsəfəsinə və estetik dərinliyinə səyahət ediblər.
Kino sənayesinə maraq göstərənlər üçün OMarket – Orient Film Market çərçivəsində prodüserlər, rejissorlar və layihə sahibləri arasında yeni əməkdaşlıqların təməli qoyulub, beynəlxalq layihələr müzakirə edilib.
Texnologiya və innovasiya həvəskarları isə İ2C startap sərgisində süni intellekt, kreativ texnologiyalar və rəqəmsal həllər sahəsində fəaliyyət göstərən startapların təqdimatlarını izləyib, gələcəyin ideyaları ilə tanış olublar.
Bir sözlə, bu platformalar hər zövqə və marağa xitab edən, yaradıcılıqla innovasiyanı birləşdirən canlı və ilhamverici bir məkana çevrilib.