Dekabrın 9-da “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində "Oyun texnologiyalarının inkişafında yüksəliş və əməkdaşlıq imkanları" mövzusunda panel sessiya keçirilib.
Manset.az xəbər verir ki, "Gamepons" şirkətinin təsisçisi Vüsal Kərimlinin moderatorluğu ilə keçən panel sessiyada çıxış edən Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov gənc nəsillər arasında rəqəmsal körpünün gücləndirilməsinin vacibliyini qeyd edib. Oyun sənayesi sahəsində tələblərin gücləndirməli olduğunu bildirən R.Əzizov deyib: " Oyun sənayesi gənclərin sevdiyi bir fəaliyyət sahəsidir. Həmin yaradıcı sənayenin təşviq edilməsi vacibdir. Oyun sənayesi kinematoqrafiyanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Tədbir çərçivəsində oyun sənayesinin etik aspektlərinə toxunacağıq. Biz öz irsimizi qorumağa çalışmalıyıq".
İslam Əməkdaşlıq Gənclər Forumunun baş direktoru Rəsul Ömərov festivalın regionda ən mühüm platformaları və mədəni tədbirləri bir araya gətirdiyini bildirib.
"Oyun sənayesi bütün dünyada vüsət alıb ki, bu da gənclərin düşüncələrinə təsir edir. Biz düşünməliyik ki, oyun sənayesini necə edək ki, ədalətli və məsuliyyətli olsun. Sağlam və inklüziv oyun sənayesinin yaradılmasına dəstək göstərməliyik. Gənclər rəqəmsal mediada mühüm rol oynamağa çalışırlar. Oyun sənayesi mühüm frazaya daxil olur. İnkişaf aydın dəyərlərlə dəstəklənməlidir. Bugünkü müzakirələr əməkdaşlığı inkişaf etdirəcək ki, bu da regional və qlobal bazarlara çıxmağa kömək edəcək", - deyə R.Ömərov qeyd edib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiyalar departamentinin rəhbəri Taleh Kərimli oyun sənayesinin təkcə əyləncə ilə tükənmədiyini və bunun iş yerləri olduğunu deyib: "Texnoloji mərkəzlər qlobal bazara yaxşı ideyalarla daxil olur. Azərbaycanda da son bir neçə ildir ki, innovativ ekosistem oyun sənayesinin inkişafına dəstək verir. Gənc istedadlara dəstək göstərməyə çalışırıq. İƏT ölkələrinin bir sıra güclü tərəfləri vardır. Burada potensial böyükdür. İnanıram ki, bölüşəcəyimiz ideyalar gələcək əməkdaşlıq üçün fürsət yaratmaqla mədəni ekosistemimizə töhfə verəcək".
Qazaxıstanda yaradıcı sənayelər üzrə hüquq və strategiya məsləhətçisi Aygül Maratqızı , "Ərtoğrul Ulukayın" oyununun sənət direktoru Hande Karagüzel, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin oyun ekosistemi qurucusu Nikita Yudin və Özbəkistanın "East Games" oyun studiyasının biznesin inkişafı üzrə direktoru Akmal Salixov təmsil etdikləri ölkələrin təcrübəsini bölüşüb, dünyadakı tendensiyaların öyrənilməsinin vacibliyini qeyd ediblər.
Tədbir sual-cavab və müzakirələrlə davam edib.