Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanan incəsənət məktəblərinin I–II sinifləri üçün “Balaca pianoçu” adlı dərs vəsaiti çapdan çıxıb. Fevralın 20-də Azərbaycan Milli Kitabxanasında yeni nəşrin təqdimatı keçirilib.
Manset.az xəbər verir ki, Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov dərs vəsaiti haqqında məlumat verib. Bildirilib ki, fortepiano ixtisası üzrə uzun illər istifadə olunan vəsait 1955-ci ildə çap edilib və müasir pedaqoji tələblərə cavab vermirdi. “Balaca pianoçu” kitabı milli düşüncə və yeni bəstəkarlıq nümunələri əsasında hazırlanıb.
Nəşrin layihə rəhbəri və həmmüəllif, metodist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova vəsaitin metodiki quruluşu və məzmunu barədə təqdimatla çıxış edib.
Tədbirdə kitabın həmmüəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, bəstəkarlar – Əməkdar incəsənət xadimi, professor Elnara Dadaşova və Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev, rəyçilər – Əməkdar müəllim, professor Nərminə Quliyeva və Əməkdar müəllim, professor Nəzakət Rimazi, Milli Kitabxananın direktoru professor Kərim Tahirov, metodist, Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədova çıxış edərək fikirlərini bölüşüblər.
Çıxışlarda kitabın əhəmiyyəti vurğulanıb, fortepiano ixtisası üzrə ilk milli dərs vəsaiti kimi yüksək qiymətləndirilib.