Davos İqtisadi Forumu Azərbaycanın qlobal iqtisadiyyatda daha da güclənməsinə və dünya ilə inteqrasiyasına mühüm töhfələr verən platformalardan biridir. Bu ilki forumda Prezident İlham Əliyevin iştirakı ölkəmizin beynəlxalq əlaqələrini daha da möhkəmləndirmək və iqtisadiyyatını inkişaf etdirmək məqsədilə böyük bir fürsət yaradıb. Azərbaycanın qlobal enerji bazarındakı rolunun gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı və regionda liderlik mövqeyinin möhkəmləndirilməsi, Davosda keçirilən müzakirələrin əsas mövzularından olub. Xüsusi dəvətlə Prezident İlham Əliyevin bu forumda iştirakı Azərbaycanın xarici siyasətinin və iqtisadi inkişaf strategiyalarının dünyaya təqdim edilməsi baxımından müsbət bir addım oldu. Bu platforma Azərbaycan üçün ticarət əlaqələrinin genişləndirilməsi, xarici sərmayələrin cəlb edilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Davos İqtisadi Forumunun Azərbaycanın dünyaya inteqrasiyasını sürətləndirmək və qlobal bazarlarda rəqabət qabiliyyətini artırmaq üçün daha bir mühüm mərhələ olduğu şübhəsizdir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Manset.az-a açıqlamasında yaxın günlərdə baş verən dünya əhəmiyyətli forumda Azərbaycanın və Prezident İlham Əliyevin rolundan danışıb.
![]()
“Davos Zirvə görüşündə də müşahidə etdiyimiz və diqqətçəkən məqamlardan biri Azərbaycan Prezidentinin burada arzuolunan qonaq olması, dövlət başçıları, dünya iqtisadi trendlərinin liderlərinin Azərbaycan Prezidenti ilə görüşmək cəhdləri idi. Mənə elə gəlir ki burada iki mühüm məsələnin üzərində dayanmalıyıq. 1) Azərbaycan Prezidentinin münaqişələr tarixində ilk dəfə olaraq milli dövlətin öz gücs hesabına sülh yaratmaq təcrübəsinin əldə etməsi; 2) Milli və regional sabitliyi yaratmaqla inkişaf və yatırım üçün təhlükəsizlik mühitinin yaradılması”.
Deputat qeyd edib ki, Azərbaycanın əməkdaşlıq arealı çox genişdir. Bu Yaxın Şərqdən Şimali Afrikadan Çinə qədər, Çindən Avropaya qədər uzanan böyük bir arealdır:
“Bu mühiti yaratmaq özü-özlüyündə bir liderlikdir ki, bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində mümkün olub. Türk Dövlətləri Təşkilatının yaradılmasının təşəbbüskası da Azərbaycan olub ki, Türküstan coğrafiyası da bu gün Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi coğrafiyalardan biridir. Belə olan halda həm də münaqişəyə son qoyulması, Ermənistanla əlaqələrin yavaş-yavaş sabitləşməyə doğru getməsi Cənubi Qafqazı vahid iqtisadi mühit kimi ortaya çıxarır. Dünənə qədər əgər Cənubi Qafqaz konfliktlər içərisində olan vahid coğrafiya idisə, bu gün artıq inteqrasiya etməyə potensialı olan və geniş tranzit imkanları olan bütöv bir coğrafiya kimi nəzərdən keçirilir. Buna görə də şübhəsiz ki, bütün bu əlverişli mühitin, yatırım, tranzit mühitinin, iqtisadi əməkdaşlıq mühitinin müəllifi, şübhəsiz ki, Azərbaycan Prezidentidir”.
Fidan Vəlisoy
6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
