Azərbaycançılıq ideyasının təbliği ölkəmizin milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən layihə və təşəbbüslər cəmiyyətin milli kimlik, dövlətçilik və həmrəylik anlayışlarının möhkəmlənməsinə töhfə verir. Azərbaycançılıq ideyası ölkənin tarixi irsini, milli dəyərlərini və dövlətçilik ənənələrini özündə birləşdirən mühüm ideoloji istiqamət kimi diqqətdə saxlanılır. Gənclərin bu dəyərlər əsasında maarifləndirilməsi və onların ictimai proseslərdə fəal iştirakının təşviqi də əsas istiqamətlərdəndir. Bu sahədə görülən işlər milli birlik və həmrəyliyin daha da gücləndirilməsinə xidmət edir.
Milli Məclisin deputatı Razi Nurullayev Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycançılıq ideyası bizim üçün sadəcə bir şüar deyil. Bu, Azərbaycanı birləşdirən əsas dəyərlərdən biridir:

“Azərbaycançılıq deyəndə mən ilk növbədə Vətənə bağlılığı, dövlətçilik düşüncəsini, Azərbaycan dilinə, tariximizə və milli-mədəni irsimizə hörməti, eyni zamanda ölkəmizdə yaşayan müxtəlif etnik və dini qrupların ümumi Azərbaycan kimliyi ətrafında birliyini nəzərdə tuturam.
Bu istiqamətdə Azərbaycanda kifayət qədər iş görülür. Təhsil, mədəniyyət, gənclər siyasəti, milli irsin qorunması, müxtəlif layihələr və diaspor fəaliyyəti vasitəsilə Azərbaycan tarixi və mədəniyyəti təbliğ olunur. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması da bu siyasətin mühüm istiqamətlərindən biridir. Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi, diaspor təşkilatlarının fəaliyyəti və Azərbaycanla onların əlaqələrinin gücləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Amma görülən işlərlə kifayətlənmək olmaz. Məncə, xüsusilə gənclərlə daha müasir formada işləmək lazımdır. Azərbaycançılığı yalnız keçmişimizin təbliği kimi yox, gələcəyə baxış kimi təqdim etməliyik. Gənc bilməlidir ki, öz dilini, tarixini və mədəniyyətini qorumaqla yanaşı, elmə, texnologiyaya, müasir dünyaya açıq olmaq da azərbaycançılığın bir hissəsidir. Xaricdə yaşayan azərbaycanlıların uğurları, alimlərimizin, sahibkarlarımızın, idmançılarımızın və mədəniyyət nümayəndələrimizin nailiyyətləri də Azərbaycançılığın dünyada təbliğinin ən təsirli vasitələrindən ola bilər”.
Deputat qeyd edib ki, bu mövzuda xaricdə yaşayan soydaşlarımızın üzərinə də mühüm məsuliyyət düşür. Onlar ilk növbədə yaşadıqları ölkələrin qanunlarına və cəmiyyətinə hörmətlə yanaşaraq həmin ölkələrin fəal və uğurlu vətəndaşları olmalıdırlar:
“Eyni zamanda, öz milli kimliklərini, dilini və mədəniyyətini qorumaq, Azərbaycan haqqında obyektiv məlumatların yayılmasına töhfə vermək, Azərbaycan icmaları arasında birlik yaratmaq vacibdir. Burada xüsusilə birlik məsələsini qeyd etmək istəyirəm. Diaspor təşkilatları bir-biri ilə rəqabət aparmaqdan daha çox ümumi məqsədlər ətrafında əməkdaşlıq etməlidirlər. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların həmin ölkələrin ictimai, elmi, biznes və siyasi həyatında daha fəal təmsil olunması həm onların öz mövqelərini gücləndirər, həm də Azərbaycan haqqında daha geniş və düzgün təsəvvürün formalaşmasına imkan verər. Bu yanaşma dövlət siyasətində də dəfələrlə vurğulanıb.
Mən hesab edirəm ki, Azərbaycançılığın ən güclü təbliğat vasitəsi bizim öz davranışımızdır. Xaricdə yaşayan azərbaycanlı harada olmasından asılı olmayaraq, öz fəaliyyəti, peşəkarlığı, dürüstlüyü və cəmiyyətə verdiyi töhfə ilə Azərbaycan haqqında müsbət təsəvvür yaratmalıdır. Bu, bəzən keçirilən onlarla tədbirdən daha təsirli olur.
Nəhayət, Azərbaycançılıq yalnız xaricdə yaşayan soydaşlarımız üçün deyil. Bu ideya ölkə daxilində hər bir vətəndaş üçün aktualdır. Biz dövlətçiliyi, milli həmrəyliyi, dilimizi, tariximizi və mədəniyyətimizi qoruduqca, eyni zamanda dünyaya açıq və müasir cəmiyyət qurduqca Azərbaycançılıq daha da güclənəcək. Məncə, əsas məqsəd də budur: milli kimliyimizi qoruyaraq müasir dünyada daha güclü Azərbaycan yaratmaq”, - deyə R.Nurullayev fikirlərinə əlavə edib.
Fidan Vəlisoy