"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq

13:44 - 22 Aprel 2024

2022-2023-cü tədris ilində Azərbaycanda ali və orta ixtisas məktəblərindən turizm təhsili üzrə 1548 nəfər məzun olub.

 

Manset.az APA-ya istinadən bildirir ki, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O, qeyd edib ki, məzunların 718-i subbakalavr, 715 nəfəri bakalavr, 115 nəfəri isə magistr pilləsi üzrə turizm təhsillərini müvəffəqiyyətlə başa vurub:

"Həmçinin peşə təhsili müəssisələri tərəfindən təqdim edilən ixtisaslarda 340 nəfər məzun adını qazanıb. 30 illik işğaldan sonra azad edilmiş torpaqlarımızda bu yaxınlarda Prezidentin "Qarabağ Universiteti" yaratması ilə bağlı sərəncamı imzalanıb. Bu universitetdə turizmlə də bağlı ixtisaslar olacaq. Turizm təhsilinin əsas məqsədi turizmin bütün növləri üçün lazımi bilik və bacarığa malik insan kapitalını təmin etməkdir.
Turizm sektorunda iş yerlərinin ildən-ilə çoxalması və karyera imkanları gənclərin bu sahəyə marağının artmasına səbəb olur", - deyə F.Nağıyev əlavə edib.

Agentlik sədri deyib ki, Azərbaycana gələn turistlərin əksəriyyəti ölkənin tarixinə, mədəniyyətinə, irsinə, təbiətinə, mətbəxinə, qonaqpərvərliyinə heyran olur, eyni zamanda ölkədən yüksək məmnuniyyətlə ayrılır:

"Turizmin inkişafına təsir edən ən mühüm amillərdən biri də keyfiyyətli kadr potensialının olmasıdır. Turizm, istehlakçılara birbaşa xidmət göstərdiyi üçün insan resurslarının inkişafında maraqlıdır. Dövlət Turizm Agentliyinin tabeliyində 3 turizm təhsili müəssisəsi fəaliyyət göstərir: ali təhsil verən bir universitet, bir orta ixtisas təhsil müəssisəsi və bir turizm peşə məktəbi. Ümumiyyətlə, ölkəmizdə 17 ali təhsil müəssisəsində turizm ixtisası üzrə təhsil verilir. Əsas məqsədimiz Azərbaycanı turizm destinasiyası kimi tanıtmaq, turizm sahəsinin inkişafına nail olmaqdır", - deyə F.Nağıyev vurğulayıb.


Xəbər xətti

24 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin