"İki dəfə istefa ərizəsi yazmışam, nazirə bildirmişəm" - Novruz Məmmədov

09:49 - 8 May 2024

Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru, keçmiş baş nazir Novruz Məmmədov vəzifəsindən azad edilməsi barədə yayılan xəbərə münasibət bildirib.

 

Novruz Məmmədov haqqında yayılan məlumatlarla bağlı Manset.az-ın əməkdaşının suallarını cavablandırıb.

Novruz müəllim işdən çıxarılmağınızla bağlı yayılan xəbərlər doğrudurmu?

-Məni heç kim işdən çıxarmayıb, öz ərizəmlə vəzifəmdən azad olunmuşam. İşdən çıxmaq üçün iki dəfə nazirə istefa ərizə yazmışam. Yazmışdım ki, yaşımı da nəzərə alaraq məni vəzifəmdən azad etsin.

Birinci dəfə nazir niyə ərizənizi qəbul etmədi?

-Cənab nazir ərizəmin üstünü yazmadı. Bildirdi ki, belə şeylər lazım deyil. Məsləhət gördü ki, prorektor kimi fəaliyyətimi davam etdirim.

Bəs deyirlər ki, sizi universitetin rektoru Kamal Abdulla işdən çıxarıb. Bu doğru məlumatdır?

-Elmi işlər üzrə prorektor vəzifəsinə təyinatı nazir edir. İşdən də nazir çıxarır. Məni Kamal Abdulla işdən çıxarmayıb.

Bəs vəzifənizdən istefa verməyinizin səbəbi nə oldu?

-4 ildən çox prorektor işlədim. Mən 50-dən artıq konfrans təşkil etdim. Universitetin elm, doktorantura, dissertantura və magistratura şöbəsi mənim kurasiyamda idi. Respublika və beynəlxalq səviyyədə tədbirlər keçirmişik. Sadəcə özüm belə qərar verdim.

Novruz müəllim bundan sonra fəaliyyətinizi harada davam etdirməyi düşünürsüz?

-Mən elə bir yaşdayam ki, bundan sonra hansısa vəzifəyə getmək üçün iddiam da yoxdur. Mən tarix öyrənirəm, elmin müəyyən sahələri və fəlsəfi nəzəriyyələrlə məşğul oluram. Mən 78 yaşında mütləq vəzifəyə təyin olunmalıyam?Mən həyatım boyu bütün işlərimin öhdəsindən layiqincə gəlməyə çalışmışam.

Novruz müəllim, sizin və ya övladlarınızın adına böyük biznes şəbəkəsinin olduğu bildirilir. Özəl universitetlərdən birinin sizin olduğu deyilir. Bu barədə nə deyə bilərsiniz?

-Boş-boş söhbətlər edirlər. Gedin axtarın, araşdırın, gör mənim hansı biznesim var. Deyirlər ki, Bakıda yerləşən özəl univetsitetlərdən biri guya mənimdir. Göstərin görək belə bir şey həqiqətən varmı? Bunları deyənlər qələt edir. Belə şeylər yoxdur, ola da bilməz. 

Qeyd edək ki, o, 2019-cu ildən ADU-nun prorektoru idi.

Xatırladaq ki, 77 yaşlı Novruz Məmmədov uzun illər Prezident Administrasiyasında şöbə müdiri çalışıb. 2018-2019-cu illərdə isə Azərbaycanın Baş naziri olub. 

 

Manşet.az


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin