"Arşın mal alan" yenidən Daşkənd səhnəsində nümayiş olunub

09:30 - 13 İyun 2024

Xəbər verdiyimiz kimi, Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 10-14 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilir. 


Manset.az xəbər verir ki, iyunun12-də özbək sənətsevərlər üçün dahi Üzeyir Hacıbəylinin dünyaşöhrətli “Arşın mal alan” operettasının tamaşası nümayiş olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı heyəti musiqili komediyanı Əlişir Nəvai adına Dövlət Akademik Teatrında təqdim edib.

Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan səhnə əsərində rolları Əməkdar artistlər Ramil Qasımov (Əsgər), İnarə Babayeva (Gülçöhrə), Xalq artisti Gülyaz Məmmədova (Telli), Əməkdar artistlər Cahangir Qurbanov (Soltan bəy), Gülüstan Əliyeva (Cahan xala), Səbinə Vahabzadə (Asya), eləcə də Taleh Yahyayev (Süleyman), Sadiq Məlikov (Vəli) ifa ediblər.

Qardaş ölkənin orkestrinin müşayiəti ilə nümayiş olunan səhnə əsərini Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib.
Üzeyir bəy dühasının şah əsərlərindən olan tamaşa böyük maraq və alqışlarla qarşılanıb. 

Qeyd edək ki, Ü.Hacıbəyli müsəlman Şərqində ilk operetta olan bu əsəri 1913-cü ildə yazıb. Həmin il oktyabrın 25-də Bakıda əsərin uğurlu təqdimatından sonra tamaşa Qafqaz ölkələri, Rusiya, sonra isə bütün dünyanın səhnələrinə ayaq açıb. Əsər bundan öncə dəfələrlə Özbəkistanda tamaşaya qoyulub.

2013-cü ildə “Arşın mal alan” əsərinin 100 illiyi UNESCO səviyyəsində qeyd olunub.
1945-ci ildə Bakıda “Arşın mal alan” filmi çəkilib və 80 dilə dublyaj olunaraq 150-dən artıq ölkədə göstərilib. Əsər əsasında 1965-ci ildə eyniadlı yeni film lentə alınıb.



Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin