Belçikanın Flaman bölgəsində və paytaxt Brüsseldə Qərbi Nil virusuna yoluxduğu ehtimal edilən yeni halların aşkar edilməsi ilə ölkə üzrə xəstələrin sayı 10-a yüksəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Flaman Qulluq İdarəsindən verilən açıqlamada regionda təsdiqlənmiş və ya ehtimal olunan halların sayının 8-ə çatdığı bildirilib.
Açıqlamada keçən həftənin sonunda elan edilən 5 ehtimal olunan hala əlavə olaraq, Anvers və Flaman Brabant vilayətlərində daha 3 nəfərin virusa yoluxduğunun qiymətləndirildiyi qeyd olunub.
Xəstələrdən birinin neyroloji simptomlar səbəbindən xəstəxanaya yerləşdirildiyi, lakin hazırda sağalma mərhələsində olduğu diqqətə çatdırılıb. Brüssel regionunun səhiyyə qurumu "Vivalis" də 2 nəfərin virusa yerli şəraitdə yoluxduğunun ehtimal edildiyini açıqlayıb.
Brüsseldə yaşayan həmin şəxslərdən biri artıq sağalıb. Digər xəstənin isə vətəninə qayıdan italyan turist olduğu və onda ağır simptomların müşahidə edilmədiyi bildirilib.
Bununla da ölkə miqyasında Qərbi Nil virusuna yoluxduğu ehtimal edilən yeni halların sayı 10-a çatıb.
Qeyd edək ki, Belçikada keçən həftə ilk dəfə ölkədaxili yoluxma ehtimalı olan Qərbi Nil virusu halları qeydə alınmışdı. Anvers və Flaman Brabant vilayətlərində müəyyən edilən 5 ehtimal olunan haldan 4-ündə neyroloji simptomlar müşahidə olunmuş, bir nəfər isə xəstəxanaya yerləşdirilmişdi.
Səhiyyə rəsmiləri virusun quşlar və ağcaqanadlar arasında yayıldığını bildiriblər. Mütəxəssislər oktyabr ayına qədər yeni yoluxma hallarının qeydə alına biləcəyini, lakin cəmiyyət üçün ümumi təhlükə səviyyəsinin aşağı olduğunu vurğulayıblar.