Uşaqların immunizasiyası üzrə yeni təlimat təsdiqləndi

14:21 - 13 Avqust 2024

Uşaqların immunizasiyası üzrə yeni təlimat təsdiqləndi

Azərbaycanda uşaqların immunizasiyası üzrə yeni təlimat təsdiqlənib.

 

Manset.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Uşaqların immunizasiyası üzrə yeni təlimat Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə hazırlanıb.

Təlimat ölkədə həyata keçirilən İmmunizasiya Proqramının əhəmiyyətli şəkildə genişləndirilməsinə təkan verəcək. Təlimatda vaksinasiyaya əks-göstərişlər və ilk dəfə olaraq gecikmiş peyvənd cədvəli haqqında müasir məlumatlar verilir. O, həmçinin peyvəndin saxlanması və daşınması, peyvənddən sonra baş verə biləcək əlavə təsirlər, peyvəndin tətbiqi üsulları daxil olmaqla keyfiyyətli immunizasiya xidmətlərini təmin etmək üçün ilkin səhiyyə xidməti səviyyəsində tələb olunan bütün məlumatları özündə ehtiva edir.

Təlimatda ölkədə tətbiq olunan profilaktik peyvəndlər təqvimində əksini tapmayan vaksinlər haqqında da qısa məlumat verilir. Bu da Azərbaycanda vaksinasiya səylərinin əhatə dairəsinin genişləndirilməsinə önəm verilildiyini nümayiş etdirir. Təlimatdakı müasir yanaşmaların təcrübəyə inteqrasiya olunması vaksinlər və immunizasiya xidmətləri ilə bağlı yanlış fikirlərin aradan qaldırılmasına kömək edəcək. Bununla da immunizasiya ilə əhatə səviyyəsinin yüksəlməsinə, həmçinin immunizasiyada bərabərlik məsələlərinin həllinə müsbət təsir göstərəcək.

Qeyd olunur ki, bu vəsait tibb işçilərinə əsaslandırılmış qərar qəbul etmək və uşaq əhalisini mümkün olan ən keyfiyyətli immunizasiya xidmətləri ilə təmin etmək imkanı yaradacaq.


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin