“Bir daha sabitliyə və inkişafa səs verəcəyik”

17:17 - 13 Avqust 2024

“Bir daha sabitliyə və inkişafa səs verəcəyik”

Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə 102 saylı Şəmkir şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi, VI çağırış Milli Məclisin sədri Sahibə Qafarovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir. Növbəti görüş Şəmkir şəhərinin mərkəzində keçirilib.

 

Görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzindəki abidəsi və Şəhidlər Xiyabanı ziyarət edilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında məlumat verib.

Görüşdə çıxış edən Sahibə Qafarova Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı və fədakarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpasının yeni reallıqlar yaratdığını deyib. O, Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığına diqqət çəkib.

Sahibə Qafarova seçkilərdə Ulu Öndər Heydər Əliyevin yaratdığı və müasir dövlətçiliyimizin inkişafında müstəsna rola malik, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının təmsilçisi kimi iştirak etdiyini qeyd edərək belə bir partiyanın namizədi olmağın son dərəcə böyük məsuliyyət yaratdığını bildirib. O əminliklə bildirib ki, qarşıdakı seçkilərdə formalaşacaq yeni parlament xalqın siyasi və mənəvi yetkinliyini nümayiş etdirəcək, Azərbaycanın xoşbəxt gələcəyinə, rifahına və inkişafına xidmət edəcək.

Görüşdə çıxış edən seçicilər - Aydan Hacıyeva, Müsənbər Kazımova, Aidə Həsənova və digərləri Milli Məclisə növbədənkənar seçkilərdə fəallıq göstərəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədini yekdilliklə dəstəkləyəcəklərini ifadə edərək “Bir daha sabitliyə və inkişafa səs verəcəyik”,- deyə vurğulayıblar.



Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin