“Sammit ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək” - Kamaləddin Qafarov

15:22 - 23 Mart 2023

“Sammit ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək” - Kamaləddin Qafarov

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının "Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım" mövzusunda Fövqəladə Zirvə görüşü keçirilib. Sammitdə türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarlar qəbul olunub. Zirvə görüşünün sonunda Ankara Bəyannaməsi və mülki müdafiə mexanizminin qurulmasına dair Protokol imzalanıb. Sammitdə çıxış edən Prezident İlham Əliyev ölkəmiz üçün, eləcə də bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edən vacib məsələlərə toxunub. Dövlətimizin başçısı Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibbi personalımız tərəfindən ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərilib. Prezident İlham Əliyev 2020-ci ilin sentyabr-noyabr ayları ərzində ölkəmizin apardığı 44 günlük müharibə dövründə bütün Türkiyə xalqının Azərbaycanın yanında olduğunu xatırladıb. Dövlətimizin başçısı Türkiyə Prezidentinin müharibənin ilk saatlarından başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycana əlavə güc verdiyini vurğulayıb. 2021-ci ilin iyun ayında isə, işğaldan azad edilmiş Şuşa şəhərində ölkələrimiz arasında Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qaldırılıb. Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, qardaş Türkiyə son 20 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş və bu gün dünyada söz sahibinə, güc mərkəzinə çevrilmişdir."

 

Manset.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Fikirlərini davam etdirən deputat bildirib: "Ermənilər 30 il ərzində işğal altında saxladıqları ərazilərimizdə olmazın vəhşiliklər törədiblər. Bu müddətdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, tarixi və dini abidələri, qəbiristanlıqları Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər "Qafqazın Hirosiması" adlandırıblar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb. Ölkə Prezidenti İlham Əliyev bütün bu məsələləri Ankara Zirvə görüşünün iştirakçılarının diqqətinə çatdırmaqla rəsmi İrəvanın hələ də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayındığını vurğulamışdır."

K.Qafarov deyib: "2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Faktiki olaraq Azərbaycan sıfırdan 9 yeni şəhər və ilkin mərhələdə 300-dən çox kənd və qəsəbə qurmaqla Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Artıq keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük Qayıdış" proqramının icrasına başlanıb. Prezident İlham Əliyev qeyd etdi ki, yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Yenidənqurma işlərində digər türk dövlətləri də fəal iştirak edirlər. Dövlətimizin başçısı işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikintisini və Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşasını qardaşlıq jesti kimi dəyərləndirmişdir. Ötən dövr ərzində Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun və Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin sürətlə şaxələndiyindən xəbər verir". 


Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin