Özünə qəbir qazan erməni – Paşinyana ilk torpağı Kreml atacaq

10:00 - 15 Sentyabr 2023

Özünə qəbir qazan erməni – Paşinyana ilk torpağı Kreml atacaq

Rusiya sülhməramlı kontingentini Azərbaycan ərazisindən çıxarıb separatizmə son qoymağın, Qarabağın tamamına nəzarəti təmin etməyin zamanı yetişib.

Bunun üçün bir neçə tutarlı zəmin yaranıb:

1. Rusiya-Ukrayna müharibəsinin hələ də davam etməsi, Kremlin diqqətinin və enerjisinin əsas hissəsinin Şərqi Avropadakı proseslərə yönəlməsi

2. Ankara-Moskva tərəfdaşlığı və ortaq layihələri: Belə ki, Kreml Cənubi Qafqaz siyasətində Türkiyə, o cümlədən Türkiyə-Azərbaycan ittifaqını nəzərə almaq məcburiyyətindədir

3. Ermənistanın baş naziri Nikol Paşinyanın və digər erməni rəsmilərin Rusiya əleyhinə artan açıqlamaları və verilən Kremlin planlarına zidd olaraq verilən qərarlar

4. Ermənistanın və separatçıların daha intensiv şəkildə hərbi təxribatlar törətməsi, revanş istəyindən əl çəkməməsi

Bu sadalanan məsələlərin siyahısının yaxın gələcəkdə daha da genişlənəcəyi istisna edilmir. Qeyd edilən faktorlar Azərbaycana imkan verir ki, yerdə qalan bəzi məsələləri də kökündən həll etsin, uğurlu sonluğa gəlib çatsın. Hazırki gedişat tamamilə Azərbaycanın xeyrinədir. Baxmayaraq ki, Ermənistan havadarlarının, lobbilərinin dəstəyi ilə Azərbaycana qarşı təzyiqləri bir qədər artırıblar, lakin son hadisələr deməyə əsas yaradır ki, rəsmi Bakı qətiyyətlə mövqeyini sonadək qoruyub saxlasa, onun məqsədindən heç bir qüvvə döndərə bilməyəcək. 

Buna misal, baxmayaraq ki, separatçılar və Ermənistan, onun havadarları Azərbaycana müxtəlif istiqamətlərdə təzyiqlər göstürməyə çalışdı ki, Ağdam-Xankəndi yolu ilə humanitar yük daşınması mümkün olmasın, amma Azərbaycan bunu bacardı. Beləliklə, bu hadisə 44 günlük müharibədən sonra Azərbaycanın diplomatik müstəvidə çox önəmli üstünlüyünü təmin edən hadisə kimi yadda qaldı. 

İkinci məsələ isə Ermənistanın böyük həvəslə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşaraq həm Bakı ilə İrəbvan arasında sülh sənədinə mane olmaq, həm də Zəngəzur dəhlizinin keçəcəyi bu ərazidə bütün beynəlxalq konvensiyalara və hüquqa zidd addımla dəhlizin fəaliyyətə başlamasını bloklamaq barədə planları idi. Ancaq bu məsələdə də Azərbaycan öz haqlı mövqeyindən bir addımda olsun geri çəkilmədi və Arazdəyəndəki metallurgiya zavodunun sərhəddimizdə tikintisi dayandırıldı. Ötən gün Aİ (Avropa İttifaqı) missiyası tikintinin təxirə salındığını elan etdi. Bunu Azərbaycan diplomatiyasının növbəti qələbəsi, tarixi zəfəri kimi də şərh edə bilərik. 

İrəvanın və Qarabağdakı separatçıların “vaxt udmaq” taksikası nəticə verməyəcək. Hadisələr Azərbaycanın Qarabağın tamamını nəzarətə götürmək üzrə inkişaf edir. Bunu sərhəddə yaradılan gərginlik də durdura bilməyəcək. Çünkü bu zamana kimi Ermənistanı ən çətin zamanlarında xilas etməyə adətgar olan Rusiya da artıq rəsmi İrəvanın əməllərindən, ikili oyunlarından boğaza yığılıb. 

Ermənistanın  xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan jurnalistlərə bildirsə də ki, Rusiya ilə sadəcə fikir ayrılıqları var, bunu gərginlik adlandırmaq olmaz və guya bu işgüzar əlaqələrin xarakterindən irəli gəlir, lakin görürük ki, bir neçə gündür bir-birlərinin ünvanlarına demədikləri ağır ifadələr qalmayıb. Düzü, Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə indiki gərginliyin bənzərini xatırlamıram. Görünür, Ermənistan hakimiyyəti özü üçün bu nəticəyə gəlib ki, Rusiya Azərbaycanın Qarabağın tamamını nəzarətə götürməsinə mane olmayacaq. Ona görə indidən Paşinyan hakimiyyəti prosesləri qabaqlamaq barədə düşünür. 

Ermənistan silahlı qüvvələrinin və marionet rejiminin qanunsuz qüvvələrinin Azərbaycan Ordusu ilə təkbətək qaldığı zaman hansı acınacaqlı məğlubiyyətlərə düçar olduqlarını geridə qalan 3 ildə aydın şəkildə gördük. Onu da mütləq nəzərə almaq lazımdır ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsi zamanı 30 il ərzində Ermənistan silahlı qüvvələrinin qurduğu istehkamları, "Ohanyan səddi"ni yararaq işğala son qoymağı bacardı. 

İndi vəziyyət tamamilə fərqlidir. Bu gün istər hərb meydanında, istərsə də diplomatik müstəvidə üstünlük tamamilə Azərbaycanın tərəfindədir. Artıq Azərbaycan Ordusu Ermənistanın böyük bir hissəsinə nəzarət edəcək, adi gözlə belə müşahidə aparacağı mümkün olacaq yüksəkliklərdə qərarlaşıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indiki Azərbaycan Ordusu Vətən müharibədinsəki ordudan da güclü, daha təkmilləşdirilmiş vəziyyətdədir. 

Bunun təsdiqi kimi 2022-ci ilin 12-14 sentyabrında Ermənistan silahlı qüvvələrinin növbəti təxribatları zamanı Ordumuzun 7 saatlıq əməliyyatı ilə nəzarətə götürülən əraziləri göstərə bilərik. BU hərbi əməliyyat zamanı düşmənin xeyli sayda hərbiçisi məhv edildi, 150-dən çoxu isə ağır yaralandı. Konkret desək, Ermənistan hakimiyyəti mütləq anlamalıdır ki, indiki reallıqlarla Azərbaycana qarşı müharibə planı qurmaq özünə qəbir qazmaq deməkdir. Əgər Paşinyan buna hazırdırsa, o zaman bilməlidir ki, onun üzərinə ilk torpağı Kreml atacaq. Çünkü artıq bıçaq sümüyə dirənib. 

Atabəy Türkel


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin