Pul verib əsgərliyə getməmək olar? - Deputatdan AÇIQLAMA

22:23 - 20 Yanvar 2024

Pul verib əsgərliyə getməmək olar? - Deputatdan AÇIQLAMA

Ödəniş edib hərbi xidmətə getməməklə bağlı məsələ gələcəyin işidir.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Şəhidlər Xiyabanını ziyarət edən zaman jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, qanunvericilikdə bu məsələ ilə bağlı dəyişiklik edilməsi hələ gündəmdə deyil.

"Lakin bizdə də müddətdən artıq, yəni müqavilə əsasında hərbi xidmət var. Ordunun müəyyən hissəsi də müddətdən artıq hərbi xidmət göstərənlərdən ibarətdir. Gələcəkdə bu məsələ müzakirə oluna bilər. Bu yaxınlarda Ermənistanda da vaxtında xidmətdən yayınmaqla pul ödəyib vəsiqələrin alınması ilə əlaqədar qanun layihəsi qəbul olundu. Hələ biz buna keçməmişik. Bununla bağlı qanunvericilikdə maddə yoxdur. Ona görə hələlik həm çağırışla həqiqi hərbi xidmət, həm də müqavilə ilə müddətli hərbi xidmət var", - deputat vurğulayıb.

Siyavuş Novruzov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında müxtəlif yeni texnologiyalar, silahlar alınır.

"Onların idarə olunması üçün savadlı kadrlar lazımdır. Bunları məhz müddətdən artıq müqavilə ilə hərbi xidmət keçənlər idarə edirlər. Dron, raket texnologiyaları, tankları idarə etmək üçün ancaq ali təhsilli, oxumuş, savadlı insanlar lazımdır. Hər hansı çağırış əsasında xidmət edən şəxsə bunu etibar etmək olmaz. Ona görə bu gələcəyin işidir. Amma mütləq surətdə Müdafiə Nazirliyi tərəfindən müqavilə əsasında xidmət genişləndirilir. Çünki bu, NATO standartlarına uyğundur. Bizim ordumuz da NATO standartlarına uyğunlaşdırılır”, - Milli Məclisin deputatı belə deyib.



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin