Yay ayı, payız havası –  Anormallığın səbəbi nədir?

11:52 - 07 İyul 2025

Yay ayı, payız havası –  Anormallığın səbəbi nədir?

Azərbaycanda yay ayları adətən isti və quraq keçir. Lakin bu il hava şəraiti gözləniləndən fərqli olub. Artıq iyul ayı olsa da, ölkənin bir çox bölgəsində tipik yay istisi müşahidə olunmur. Havanın nisbətən sərin keçməsi həm əhalidə, həm də kənd təsərrüfatı sahəsində çalışanlarda suallar yaradıb. Mütəxəssislər bu vəziyyəti qlobal iqlim dəyişiklikləri və hava axınlarındakı dəyişikliklərlə əlaqələndirirlər. Sinoptiklərin proqnozlarına görə, yaxın günlərdə temperaturda artım gözlənilsə də, əvvəlki illərlə müqayisədə yay daha mülayim keçə bilər. Bəs bunun səbəbi nədir?


Mövzu ilə bağlı Manset.az-a danışan ekoloq Sadiq Həsənov bildirib ki, qlobal iqlim dəyişikliyi və temperaturun artması artıq öz fəsadlarını göstərməkdədir.

"Alimlərin qiymətləndirmələrinə əsasən, qlobal temperaturun artımı 1,5 dərəcə Selsi səviyyəsində müəyyən edilib. Bu göstərici 2015-ci ildə qəbul olunan Paris İqlim Sazişi çərçivəsində təsbit olunub. Sazişə əsasən, temperaturun 2 dərəcə Selsini keçməməsi tövsiyə edilir. Bu məqsədlə hər il Tərəflər Konfransı (COP) keçirilir, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün tədbirlər müzakirə olunur və maliyyə mənbələri axtarılır.

Belə müzakirələr çərçivəsində ötən il Azərbaycanda iqlim dəyişikliyinə dair COP29 tədbiri keçirildi. Tədbirdə ən mübahisəli və mürəkkəb məsələlərdən biri maliyyə mənbələrinin artırılması ilə bağlı idi. Nəticədə, konfransda ilkin olaraq 100 milyard dollar həcmində olan iqlim maliyyəsinin 300 milyard dollara qədər artırılması barədə razılıq əldə olundu. Halbuki əvvəlcə bu məbləğin 1 trilyon dollara çatdırılması nəzərdə tutulurdu. Bütün bu proseslər göstərir ki, iqlim dəyişikliyinin qarşısının alınmasında xüsusilə istilik effekti yaradan qazların emissiyasına görə məsuliyyət daşıyan ölkələrin bu məsələyə daha ciddi yanaşması və konkret tədbirlər görməsi vacibdir".

Ekoloq qeyd edib ki, proseslər o qədər sürətlə inkişaf edir ki, artıq hava şəraitini bir neçə ay əvvəldən proqnozlaşdırmaq belə çətinləşib:

"Kəskin iqlim dəyişiklikləri baş verir. Karbon qazının atmosferdəki həcmi artmaqda davam edir. Neft və qaz sənayesində metan (CH₄) və azot oksidlərinin (N₂O) miqdarı da artmaqdadır. Bu artımın səbəbi, yandırılan yanacaqların (dizel, benzin, odun, kömür və s.) tərkibində olan azot birləşmələrinin atmosferə atılmasıdır. Atmosferdə 78% azotun mövcudluğu bu prosesləri daha da sürətləndirir.

Nəticə etibarilə, iqlimdəki dəyişikliklər özünü artıq gündəlik həyatımızda da göstərir. Məsələn, yay fəslinin ortasında havaların sərin keçməsi, temperaturun 35 dərəcəni keçməməsi, halbuki əvvəllər bu dövrdə temperatur 40 dərəcəyə çatırdı. Qəfil yağan yağışlar və ani temperatur dəyişiklikləri, məsələn, temperaturun 42 dərəcəyə qalxması ehtimalı bu gün daha real görünür. Bütün bunlar iqlim dəyişikliyinin artıq geri dönməz bir mərhələyə keçdiyini göstərir və tədbirlərin daha sürətlə həyata keçirilməsini zəruri edir.

Azərbaycan hökuməti Paris İqlim Sazişi çərçivəsində 2015-ci ildə öhdəlik götürərək, istifadə etdiyi elektrik enerjisinin 30%-ni bərpa olunan enerji mənbələrindən – hidroelektrik stansiyalar və günəş enerjisindən əldə etməyi qarşıya məqsəd qoyub. Bu isə təxminən 30 milyard meqavat elektrik enerjisinin 10 milyard meqavatını təşkil edir ki, bu da olduqca böyük göstəricidir. Müqayisə üçün, Almaniyada elektrik enerjisinin 50%-i günəş və külək enerjisi kimi bərpa olunan mənbələrdən əldə olunur – halbuki Almaniya günəşli ölkə deyil".

S.Həsənov vurğulayıb ki, iqlim dəyişikliklərinin doğurduğu fəsadlar həm BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində keçirilən konfranslarda, həm də Tərəflər Konfransında geniş şəkildə müzakirə olunur. Bu fəsadlara aşağıdakılar daxildir:

  • "Su ehtiyatlarının azalması, Okeanlarda su səviyyəsinin artması (hal-hazırda bu artım 5–10 mm civarındadır)

  • Buzlaqların əriməsi

  • Torpaqların quraqlığa məruz qalması

  • Dağ silsilələrinin azalması

  • Münbit olmayan torpaqlarda insanların məskunlaşması

Bütün bu proseslər fonunda texnologiyanın sürətli inkişafı da öz rolunu oynayır. Xüsusilə 1970-ci illərdən etibarən DNT texnologiyalarının inkişafı ilə yanaşı karbon qazının atmosferdəki miqdarı da artmağa başladı. Bu gün həmin tendensiya davam edir və digər istixana qazlarının (metan, azot oksidləri və s.) da miqdarı artır".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az