Görədil-Azadlıq istiqamətində çalışan 108A marşrutunda tez-tez texniki problemlər olur və sərnişinlər yolda qalırlar.
Bu barədə Manset.az-a sakinlər şikayət ünvanlayıb. Bildirilir ki, son olaraq 29 iyulda axşam 21:00 radələrində Azadlıq metrosuna çatan ardıcıl 2 avtobus işləməyib. Onlardan biri kondisionerin işləmədiyini, digəri isə qazın bitdiyini əsas gətirərək yola çıxmayıblar.
Sakinlərin bildirdiyinə görə, son zamanlar vaxtaşırı bu cür hallar yaşanır. Əsasən axşamlar Azadlıq metrosuna çatan avtobusun sürücüləri qazın bitdiyini deyir.
Manset.az məsələ ilə bağlı “BakuBus MMC”yə sorğu ünvanlayıb. Şirkətdən bildirildi ki, 29 və 31 iyul tarixlərində BakuBus-ın istismarında olan 108A marşrut xətti üzrə hərəkətdə olan bəzi avtobuslarda texniki nasazlıqlar qeydə alınmışdır:
“Qeyd olunan problemlərin əsas səbəblərindən biri Binəqədi şosesi istiqamətində aparılan təmir-tikinti işləri nəticəsində marşrut üzrə tıxacların yaranmasıdır. Təmir işləri səbəbilə avtobusların uzun müddət hərəkətsiz qalması, mühərrik və digər texniki sistemlərə əlavə yük, gərginlik yaradır ki, bu da nasazlıqların yaranmasına səbəb ola bilər.
Mövcud vəziyyətlə bağlı avtobuslara texniki xidmət göstərən şirkətə rəsmi xəbərdarlıq edilmiş, nasazlıqların qarşısının alınması və nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı göstəriş verilmişdir. Sərnişinlərə yaranmış narahatlığa görə üzr istəyir, problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər aparıldığını bildirmək istərdik”.
Seyranə Quliyeva