"Bölgədə baş verən son hadisələr onu göstərir ki, Cənubi Qafqaz yeni bir geosiyasi mərhələyə qədəm qoyur. Bir neçə saatdan sonra keçiriləcək növbəti yüksək səviyyəli görüş — İlham Əliyev, Nikol Paşinyan və Donald Tramp arasında baş tutacaq üçtərəfli dialoq — region üçün strateji əhəmiyyət daşıyan məsələlərin müzakirə olunacağı bir platforma olacaq. Ən önəmlisi isə bu formatda Rusiyanın iştirakı və təsiri nəzərəçarpacaq dərəcədə yoxdur. Bu, həm simvolik, həm də funksional baxımdan regionda balansların dəyişməsinə işarədir".
Bu sözləri Manset.az-a açıqlamasında politoloq Əliabbas Məhərrəmov deyib.
O bildirib ki, görüşdə gündəmin əsas mövzularından biri olan Zəngəzur Koridorunun ABŞ-nin siyasi və texniki nəzarəti altında fəaliyyətə başlaması təşəbbüsü, şübhəsiz ki, Kremlin region siyasəti üçün ciddi təhlükə siqnalıdır:
"Rusiya üçün bu yolun nəzarətindən çıxması anlamına gələcək. ATƏT-in Minsk Qrupunun buraxılmasına qarşı müqavimət göstərən əsas tərəf məhz Rusiya olub. Moskva bu formatdan yalnız vasitəçilik deyil, həm də prosesləri nəzarətdə saxlamaq və tərəfləri asılı vəziyyətdə saxlamaq üçün istifadə edib.Hər halda bu görüşdə iki münaqişə tərəfi ATƏT in buraxılmasına nail ola biləcəklər".
Politoloq qeyd edib ki, bu gedişatın fonunda Rusiyanın hərəkətsiz qalması az ehtimal olunur:
"Moskvanın, xüsusilə Ermənistanda daxili sabitliyi pozmaq və ictimai rəyə təsir etmək istiqamətində müxtəlif vasitələrlə cəhdlər edəcək.
Lakin Azərbaycan fərqli müstəvidədir. Bakı uzun illərdir müstəqil siyasət yürüdərək, həm Rusiya, həm də Qərb platformalarında balanslı, amma milli maraqlar üzərində qurulmuş çoxşaxəli diplomatiya nümayiş etdirir.
Azərbaycan nəinki öz suverenliyini tam təmin edib, eyni zamanda heç bir xarici ölkəyə asılılıq yaratmayan strateji mövqe formalaşdırıb".
Seyranə Quliyeva