Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Manset.az-ın sualını cavablandırıb.
Manset.az xəbər portalının baş redaktoru Əli Vəliyevin “Zəngəzur dəhlizinin açılması ilə bağlı nə deyə bilərsiniz?” sualına cavab olaraq Cevdet Yılmaz açıqlamasında bunları deyib:
"Zəngəzur dəhlizi çox strateji bir dəhlizdir. O, təkcə Azərbaycan və Türkiyə arasında deyil, həmçinin Türkiyə ilə Azərbaycan, Türk respublikaları və Avropa arasında da daha güclü əlaqələrin yaranmasına şərait yaradacaq. Bu dəhlizin infrastruktur yatırımlarının bir an əvvəl tamamlanması bütün regionun rifahına və sabitliyinə töhfə verəcək.
Əlbəttə ki, Qarabağın artıq azad edildiyi, işğalın sona çatdığı bir şəraitdə, sülh mühitində, hazırlanmış yol xəritəsi əsasında davamlı sülhün bərqərar olmasını arzulayırıq. Həm bu sülh mühiti, həm də yeni infrastruktur layihələri ilə Cənubi Qafqaz daha inkişaf etmiş, daha çox tərəqqi edən bir bölgəyə çevriləcək. Eyni zamanda, müxtəlif bölgələr arasında əlaqələr baxımından da çox daha mühüm rol oynayacağına inanırıq".