Son dövrlər Azərbaycanda hibrid və elektrikli avtomobillərin istifadəsi olduqca artıb. Paytaxt ərazisində elektrik məntəqələrinin mövcud olmasına baxmayaraq, bəzi vətəndaşlar avtomobillərini enerji ilə təmin etmək üçün şəxsi evlərindəki enerjidən istifadə edirlər.
Elektrikli avtomobilləri elektrik məntəqələrində yoxsa evdə enerjiyə qoşulması daha sərfəli və faydalıdır? Bunun avtomobil üçün hansısa fərqi varmı?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Manset.az-a açıqlamasında qeyd edib ki, enerji dolumu etmək üçün hər iki üsulun müsbətə və mənfi cəhətləri mövcuddur.

“Hər iki üsul enerji dolumu üçün uyğun hesab olunur və hər birinin sərfəli və faydalı cəhətləri var. Eləcə də hər iki üsulun da çatışmazlıqları mövcuddur. Evdə enerji ilə təmin olunmasının əsas cəhəti ondan ibarətdir ki, bu, daha ucuz başa gəlir. Lakin bu həm də uzun müddət vaxt tələb edir. Əlavə vaxtı olan şəxslər gecə saatlarında rahat formada səhərə qədər evin elektriki ilə şarj edə bilərlər. Amma burada vətəndaşlar olduqca diqqətli olmalıdırlar. Əgər evin elektrik xəttləri köhnədirsə, bu zaman müəyyən risklər istisna deyil. Enerji dolumu zamanı qısaqapanmalar baş verə bilər ki, bu da yanğın riski daşıyır. Enerji doldurma məntəqələrində isə belə risklər yoxdur, daha peşəkar və təhlükəsiz avadanlıqlarla bu proses yerinə yetirilir”.
Ekspert xüsusilə qeyd edib ki, hər bir hibrid və ya elektrikli avtomobilinə enerjinin spesifik doldurulma standartlarına uyğun doldurulması əsas şərtlərdəndir:
“Çalışmaq lazımdır ki, aldığımız avtomobilin enerji doldurulması öz standartlarına uyğun həyata keçirilsin. Burada Avropa, ABŞ, Çin və s. müxtəlif standartlar mövcuddur. Bunları qarışdırmaq olmaz. Hər avtomobil modelinin spesifik standartı mövcuddur. Buna xüsusi diqqət yetirmək lazımdır, hətta enerji doldurma məntəqəsində də belə bu fərqə xüsusi diqqət yetirilməlidir”.
Fidan Vəlisoy