ABŞ Venesuela prezidentini həbs etdi - Reallıq yoxsa siyasi oyun?

15:35 - 05 Yanvar 2026

ABŞ Venesuela prezidentini həbs etdi - Reallıq yoxsa siyasi oyun?

Son günlər ABŞ-ın Venesuela Prezidenti Nicolas Maduroya qarşı yanaşması dünya gündəmini zəbt edib. Trampın Venesuela prezidentinə adi bir cinayətkar kimi yanaşması, güclü formada qorunun bir ölkə prezidentini rahatlıqla “götürüb” ABŞ-a aparması bir çoxlarına inandırıcı gəlməyib. Bəziləri hətta bunu əvvəlcədən planlanmış “güc nümayişi” də adlandırırlar.

Bəs bütün bunlar nə demək idi? Bunu etməklə Tramp dünyaya nəyi göstərməyə çalışır?

 

Politoloq Məhəmməd Əsədullazadə Manset.az-a açıqlamasında bu sualları cavablandırıb. O bildirib ki, bu bir növ Venesuelada söz sahibi olmağa çalışan digər nəhəng dövlətlərə gözdağı idi:


“ABŞ-ın Venesuela prezidenti Maduronu həbs etməsi və onu ABŞ-a aparması Monroe doktrinasına qayıtmasıdır. Bilirik ki, Venesuelaya daim Çin və Rusiyanın təsiri olub. Çin Latın Amerikasında öz geosiyasi, geoiqtisadi planlarını həyata keçirmək istiqamətində siyasət aparıb. Təbii ki, ABŞ buna imkan verməzdi. Neftdən əlavə Venesuela müasir raket texnologiyası üçün istifadə olunan yeraltı elementlərə malikdir. Çin də bundan istifadə edirdi. ABŞ konkret olaraq Monroe doktrinasını tətbiq edir. Çünki keçən aylarda ABŞ öz xarici milli təhlükəsizlik strategiyasını elan edəndə məhz Monroe doktrinasını da bir növ önə çəkmişdi. Amerika Qərb yarımkürəsinə də çəkdilər, amma təbii ki, buna əsas yaranmışdı. Konkret olaraq ABŞ-ın məqsədi Venesuelladan Rusiya və Çini çıxarmaqdır”.

Politoloq qeyd edib ki, bir prezidentin bu cür rahat formada həbs edilməsi beynəlxalq hüquqa ziddir:

“Biz görürük ki, beynəlxalq hüquq deyilən anlayış sıradan çıxır. Güc tətbiqi həyata keçirilir. Onsuz da Amerika bunu Panamada həyata keçirmişdi. Bir çox ölkələrdə inqilablar keçirir, imperial maraqlarını öz milli maraqları kimi nümayiş etdirir. Bu da ölkədə sülhə və təhlükəsizliyə təhdiddir. Amma Maduro da avtoritarizm qurmuşdu, xalqın ona dəstəyi yox idi”.

Məhəmməd Əsədullazadə ABŞ-ın bundan sonra hansısa ölkədə yenidən bu yola əl atacağını düşünmür. “ABŞ bir daha dünyaya mesaj verdi ki, Latın Amerikası regionu onun arxa bağçası hesab edilir, Çin və Rusiya bu regiona daxil olmamalıdır”, - deyə o fikirlərinə əlavə edib.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az