907-ci düzəlişin ləğvi Azərbaycan və ABŞ-a nələr vəd edir? - DETALLAR

13:23 - 07 Yanvar 2026

907-ci düzəlişin ləğvi Azərbaycan və ABŞ-a nələr vəd edir? - DETALLAR

"Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə vəziyyət təmamilə dəyişib. İndi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxıb və biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün təmamilə absurd sayılan düzəlişi aradan qaldıracaq".


Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsəhibəsi zamanı 907-ci düzəlişlə bağlı suala cavabında bildirib.

Politoloq Turan Rzayev Manset.az-a açıqlamasında sözügedən 907-ci düzəlişin ləğv perspektivləri və ləğvin strateji əhəmiyyətindən danışıb.


“Əvvəlcə onu qeyd edim ki, ABŞ nə mütləq müttəfiqimizdir, nə də düşmənimiz. Vaşinqton üçün də bu belədir. ABŞ üçün dəyişməz olan yeganə prinsip milli maraqlardır. ABŞ-ın xarici siyasətində dövlətlər və liderlər dost və ya düşmən kateqoriyasına yox, maraqlar kontekstində dəyərləndirilir. Bu maraqlar dəyişdikcə münasibətlər də dəyişir. Məsələn, Bayden administrasiyası dövründə ABŞ–Azərbaycan münasibətlərində ciddi soyuqluq müşahidə olunurdu, Tramp dönəmində isə bu münasibətlər xeyli yaxşılaşdı.

ABŞ-la münasibətləri balanslı şəkildə saxlamaq, maraqlar çərçivəsində qarşılıqlı əlaqə formalaşdırmaq mənə görə yüksək siyasi bacarıq, diplomatik çeviklik və uzaqgörənlik tələb edir. Bunu tarixdə çox az şəxs və ölkələr bacarıb. Prezident İlham Əliyev ilə Donald Tramp arasında müsbət əlaqələr var. Ölkə başçısı Tramp ilə münasibətləri qarşılıqlı hörmətə və praqmatik əməkdaşlığa əsaslanan əlaqələr kimi qiymətləndirir. Hesab edirəm ki, hər iki lider beynəlxalq münasibətlərdə açıq mövqeyi, iqtisadi maraqlara üstünlük verən siyasəti və enerji təhlükəsizliyi məsələlərinə realist baxışı ilə seçilir”.

Politoloq bildirib ki, həm Azərbaycan, həm də ABŞ üçün olduqca vacib olan 907-ci düzəlişin ləğvi yaxın gələcəkdə mümkün görünür. Bu hər iki ölkə üçün də böyük perspektivlər vəd edə bilər:

“Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə xüsusilə toxunduğu 907-ci düzəlişin ləğvinin reallaşması mümkün məsələdir. Ümumiyyətlə, Prezident İlham Əliyevin gündəmində hazırda bu məsələnin prioritet təşkil etdiyini deyə bilərəm. Bu gün ləğvi üçün mübarizə apardığımız məşhur 907-ci düzəliş məhz 1992-ci ildə, yəni Əbülfəz Elçibəyin prezidentliyi dövründə qəbul edilib və tətbiq olunub. Ümumiyyətlə, həmin dövrdə də ölkəmizə qarşı tətbiq edilən bu qərar haqsız ikili standarları özündə ehtiva edirdi. Xüsusi ilə qeyd etmək lazımdır ki, dövrün Azərbaycan hakimiyyətinin şərtlər və reallıqları nəzərə almayıb yalnış addımlar atması habelə Ermənistan və erməni lobbisinin məsələdən ustaca istifadə etməsi nəticədə bizi belə bir problemlə üzləşdirdi. Lakin indi şərtlər və reallıqlır dəyişib. Ölkə başçısı bu reallıqları düzgün oxuyur və lazımi addımlar atır. Əslində, 907-ci düzəlişin ləğvi olduqca çətin bir prosesdir, lakin bu məsələdə də müsbət nəticənin əldə ediləcəyini düşünürəm”.

Turan Rzayev qeyd edib ki, 907-ci düzəlişin aradan qaldırılması Azərbaycan üçün həm siyasi, həm də iqtisadi və təhlükəsizlik baxımından bir sıra mühüm müsbət nəticələr vəd edir. Bu addım ilk növbədə ABŞ-Azərbaycan münasibətlərində uzun illər mövcud olmuş hüquqi və siyasi məhdudiyyətlərin aradan qalxması deməkdir. Nəticədə, ikitərəfli əməkdaşlıq daha bərabərhüquqlu və institusional əsasda inkişaf edə bilər:

"Düzəlişin ləğvi ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımı göstərməsinə tam hüquqi imkan yaradar. Bu, xüsusilə, təhlükəsizlik, sərhədlərin mühafizəsi, terrorla mübarizə, enerji infrastrukturlarının qorunması və hərbi-texniki əməkdaşlıq sahələrində yeni imkanlar aça bilər. ABŞ-ın bu istiqamətlərdə dəstəyi Azərbaycanın regional təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verə bilər.

Eyni zamanda, 907-ci düzəlişin aradan qaldırılması Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərər. Bu, Vaşinqtonun Azərbaycana münasibətdə daha balanslı və ədalətli mövqe tutduğunu göstərərək ölkənin etibarlı tərəfdaş statusunu gücləndirər. Belə bir qərar ABŞ şirkətləri üçün də Azərbaycanda investisiya mühitini daha cəlbedici edər, xüsusilə, enerji, nəqliyyat, yaşıl enerji və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişlənməsinə şərait yaradar”.

Politoloq əlavə olaraq vurğulayıb ki, düzəlişin ləğvi regionda yeni geosiyasi reallıqlar fonunda ABŞ-ın Cənubi Qafqazda daha aktiv və konstruktiv rol almasına imkan verər. Bu isə Azərbaycanın regional layihələrdə, o cümlədən, enerji və nəqliyyat dəhlizlərində mövqeyini daha da möhkəmləndirə, ölkənin beynəlxalq təsir imkanlarını artıra bilər.


Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az