"Azərbaycan müdrik qərarlar qəbul edir" - Politoloq 

13:42 - 08 Yanvar 2026

\"Azərbaycan müdrik qərarlar qəbul edir\" - Politoloq 

5 yanvar 2026-cı ildə yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev ölkə daxilindəki və beynəlxalq səviyyədəki bir sıra mühüm məsələlərə toxunub. Dövlət başçısı Azərbaycanın iqtisadi inkişafı, sosial sahədəki islahatlar və xarici siyasət kursunun prioritetləri ilə bağlı ətraflı məlumat verib. Müsahibədə həmçinin Qarabağla bağlı son vəziyyət, Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyi və regiondakı təhlükəsizlik məsələləri barədə də geniş fikirlər səsləndirilib. Prezident ölkənin inkişafı üçün gələcəkdə atılacaq addımlar və bu istiqamətdə görüləcək işlər barədə də önəmli açıqlamalar verib.

 

Politoloq Samir Hümbətov Manset.az-a açıqlamasında bildirib ki, müsahibə zamanı Dövlət Başçısının xüsusilə toxunduğu beynəlxalq hüququn pozulması məsələsinin bariz nümunəsi Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamasıdır. 


“Cənab Prezidentin 5 yanvar 2026-cı ildə yerli telekanallara verdiyi müsahibədə beynəlxalq hüququn iflası yeni reallıqların yaranması ilə bağlı söylədiyi fikirlər hesab edirəm ki, həm aktual, həm də vacib məsələlərdir. Bu gün dünya siyasətinin düşdüyü acı vəziyyəti göstərir. Əslində, biz bu uyğunsuzluğu uzun illərdir yaşayırıq. Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlaması elə beynəlxalq hüququn işləmədiyinin bariz nümunəsi idi. Artıq dünya ictimaiyyəti də görür ki, bu həqiqətən də belədir. Bu o deməkdir ki, artıq yeni bir nizam, daha doğrusu “nizamsızlıq” yaranır. Bu nizamsızlığın içində bir nizam yaratmaq mümkündür. Bunun üçün əməkdaşlıqlar, müttəfiqliklər, tərəfdaşlıqlar olduqca önəmlidir. Dövlətlər düzgün strategiya tutmalıdır. Düşünürəm ki, Azərbaycan Prezidentinin bu nüansa toxunması sıradan bir məsələ deyil, xüsusi əhəmiyyət daşıyır. Əslində, Cənab Prezidentin müsahibə içərisində bu fikirləri səsləndirməsi, ardınca Türkiyə ilə strateji əməkdaşlıq məsələsi, Orta Asiya ölkələri, Çin, ABŞ ilə münasibətlərə, müxtəlif məsələlərə toxunması bizə vəziyyətin hansı durumda olduğunu və Azərbaycanın bu çətin geosiyasi şəraitdə hansı ağıllı qərarlar aldığını da göstərmiş olur. Bu misalı tez-tez çəkirəm, 45-50 milyon əhalisi olan Ukraynanın hansı vəziyyətə düşdüyünü, Yaxın Şərqdə dövlətlərin ərazilərinin göz görə-görə necə parçalandığını, cənub-şərqi Asiyada suların hələ də durulmadığını, eyni zamanda Avropada vəziyyətin xaotik duruma gəldiyini gördükdə bu məsələni daha yaxşı anlaya bilərik.

Deputat qeyd edib ki, Azərbaycan məsələlərə bir çox böyük dövlətlərdən fərqli olaraq müdrik, təmkinlə və səbrlə yanaşır, nəticədə ağıllı qərarlar qəbul edir. Bu əldə edilən uğur və böyük zəfərin əsas açarıdır:

“Cənab Prezident burada çox incə nüanslara toxundu, bir növ mesaj verdi ki, biz bu prosesləri ona görə səbrlə, təmkinlə və əməkdaşlığa üstünlük verməklə aparırıq ki, bu regiona bir sülh gətirsin. Hətta biz bununla Ermənistanı da qurtarmış olduq. Bu baxımdan düşünürəm ki, Cənab Prezidentin söylədiyi fikirlər bizim Orta Asiya ölkələrinə yaxınlaşmağımız, Amerika ilə bu sahədə atdığımız addımlar, Türkiyə ilə strateji əməkdaşlığı gücləndirməyimiz, Pakistan və digər ölkələrlə əməkdaşlıqları dərinləşdirməyimiz bu gün reallığı əks etdirən və praqmatik bir siyasətdir. Düşünürəm ki, Azərbaycanın İsrail-Fələstin, İsrail-HƏMAS və yaxud da Hizbullah arasında baş verən münaqişədən sonra Qəzzada baş verən proseslərlə bağlı aldığı qərar da çox ağıllı və rasionaldır. Çünki bu, bu gün üçün çox çətin və Azərbaycana aidiyyatı olmayan bir vəziyyətdir. Burada alınan qərarlar beynəlxalq hüquqla da üst-üstə düşür”.

Samir Hümbətov qeyd edib ki, dünyada beynəlxalq hüququn işləməməsinə baxmayaraq, Azərbaycan bu hüququn norma və prinsiplərinə daim hörmətlə yanaşır və əməl edir.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az